Səhiyyə Nazirliyi dünən axşam avtomobillə vurulan hüquq müdafiəçisi Oktay Gülalıyevin vəziyyəti ilə bağlı məlumat yayıb.
 
Nazirlikdən RePost.Az-a bildirilib ki, Oqtay Gülalıyev gecə saatlarında vurulduğu avtomobilin sürücüsü tərəfindən Kliniki Tibbi Mərkəzə gətirilib:
 
“Həkimlər xəstəyə kəllə sümüyünün sınığı və beyinin əzilməsi diaqnozu qoyublar. Xəstəyə lazımi tibbi yardım göstərilib və stasionar müalicəyə götürülüb. Yaxın qohumlarının təkidli xahişlərini nəzərə alaraq onu özəl tibb müəssisəsi olan City Hospitala köçürüblər.
 
Oqtay Gülalıyev əməliyyata hazırlansa da,  ailə üzvləri əvvəlcə əməliyyatın keçirilməsinə razılıq verməyiblər. Ailəyə əməliyyatın keçirilməsinin vacibliyi izah edilib. Səhiyyə Nazirliyi “City Hospital”a Respublika Neyrocərrahiyyə Xəstəxanasının mütəxəssislərini göndərib. Onlar Oqtay Gülalıyevin ailə üzvləri ilə söhbətlər aparıb, onlara təxirəsalınmaz əməliyyatın keçirilməsinin vacibliyini izah ediblər. Ailənin razılığı alındıqdan sonra əməliyyat başlayıb. Əməliyyatın gedişatı barədə məlumat veriləcək”.
 
Hazırda əməliyyat bitib, reanimasiya şöbəsinə yerləşdirilib.
 
Gülalıyevin müalicəsi və aparılan müayinələr Səhiyyə Nazirliyinin nəzarəti altındadır.
 

Baxış sayı: 3219 | Tarix: 30.10.2019
Bizi Telegramda izləyin: @repostaz