Ermənistanın Baş naziri Nikol Paşinyan parlament iclasında çıxışı zamanı Qarabağdakı müharibə ilə bağlı bir sıra detallara toxunub.
 
RePost.Az-ın məlumatına görə, Paşinyan deyib:
“Oktyabrın ikinci yarısında vəziyyəti təhlil edərək, “ağır güzəştlər”lə razılaşmanın lazım olduğu qərarını verdik. Bu məqsədlə parlament müxalifətinin də iştirakı ilə Təhlükəsizlik Şurasının iclasını keçirdik. İclasda prezident və bütün ermənilərin katolikosu da iştirak edirdi. Görüşdən sonra Rusiya prezidentinə zəng edərək, həmsədrlər tərəfindən dəfələrlə təklif olunan “5+2” variantı üzrə razı olduğumuzu bildirdim. Azərbaycanın qaçqınların qayıtması ilə bağlı şərtləri var idi. Bildirdim ki, bu məsələ Dağlıq Qarabağın statusunun müəyyən edilməsi prosesi ilə əlaqələndirilsə, etirazımız olmayacaq. Daha sonra Rusiya prezidenti Azərbaycan prezidenti ilə danışdı. Məlum oldu ki, Bakı Hadrutu verməkdən qəti şəkildə imtina edir, o cümlədən, Şuşa da daxil olmaqla Qarabağın statusu qaçqınların qayıtması mövzusu ilə əlaqələndirilməsini qəbul etmir. Bakı eyni zamanda, “5+2” variantını yox, yeddi rayonun hamısının eyni vaxtda qaytarılmasını tələb edir. Daha sonra isə Azərbaycan Dağlıq Qarabağın statusunun gündəliyə daxil edilməsindən qəti şəkildə imtina etdi”.

Baxış sayı: 2934 | Tarix: 14.04.2021
Bizi Telegramda izləyin: @repostaz