Belarus Prezidenti Aleksandr Lukaşenko Gürcüstanın Abxaziyaya bölgəsinə səfər edib.
 
APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, Lukaşenko Pisunda şəhərində qondarma Abxaziya respublikasının “prezidenti” Aslan Bjaniya ilə görüşüb.
 
"ApsnıPress"in xəbərinə görə, Lukaşenko Abxaziyaya səfərinin heç bir xüsusi vəziyyətlə bağlı olmadığını bildirib.
 
“Dünən biz böyük qardaşımız Vladimir Vladimiroviç Putinlə Abxaziya problemlərini müzakirə etdik. Gecəyə qədər bu məsələləri çox müzakirə etdik və eyni nəticəyə gəldik ki, Abxaziyanı tək buraxmaq olmaz. Onun köməyə ehtiyacı var ki, bu çiçəklənən torpaq, burada yaşayan insanlar normal yaşasınlar”, - Lukaşenko vurğulayıb.
 
Qeyd edək ki, bu ilin fevral ayında Lukaşenko “lazım gələrsə” Abxaziyanı müstəqil dövlət kimi tanıyacağını demişdi. İyun ayında Belarus prezidentinin xüsusi nümayəndəsi Viktor Şeyman Abxaziyada səfərdə olanda Bjaniya ilə görüşmüşdü.
 
Xatırladaq ki, bu, Belarus liderinin qondarma Abxaziya respublikasına ilk belə səfəridir.

Baxış sayı: 4720 | Tarix: 28.09.2022
Bizi Telegramda izləyin: @repostaz