Beynəlxalq axtarışa verilmiş daha iki şəxs Azərbaycana ekstradisiya olunub.

Bu barədə RePost.Az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları İsmayılzadə Əbülfət Həsən oğlu və Əzizov Amal Sarvan oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən təmin edilib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfidən başlanmış cinayət işinə görə həmin şəxslər qrup şəxs halında cinayət əlaqəsinə girməklə ümumilikdə 1 milyon manatdan artıq dəyərdə aksiz markası ilə markalanmalı olan tütün məmulatlarını belə marka olmadan gəmi ilə Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsində Xəzər dənizinin sahilində qanunsuz olaraq inşa olunmuş qeydiyyatsız yanalma körpüsündən keçirməklə qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə gətirilməsinə əsaslı şübhələr müəyyən edilib.

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq), 213-1.2.1, 213-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satış məqsədi ilə saxlama), 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən və ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.


Baxış sayı: 635 | Tarix: 23.01.2026
Bizi Telegramda izləyin: @repostaz