Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də ATƏT Parlament Assambleyasının sədri xanım Marqareta Sederfelti qəbul edib.
 
Marqareta Sederfelt Milli Məclisin və ATƏT Parlament Assambleyasının birgə təşkilatçılığı ilə “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın əhəmiyyətini vurğuladı və bu tədbirdə ATƏT-ə üzv ölkələrin çox sayda parlament nümayəndə heyətlərinin təmsil olunduğunu bildirdi, burada gündəlikdə duran vacib məsələlərin müzakirəsi üçün yaxşı imkan yarandığını dedi.\
 
ATƏT Parlament Assambleyasının sədri nümayəndə heyəti ilə birlikdə Zəngilan rayonuna səfər edəcəklərini və ərazilərimizin yenidən qurulması prosesləri ilə tanış olacaqlarını vurğuladı.
 
Marqareta Sederfelt hazırda Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində media müstəvisində müsbət bəyanatların olduğunu qeyd edərək sülh gündəliyi ilə maraqlandı.
 
Dövlətimizin başçısı Milli Məclisin və ATƏT Parlament Assambleyasının birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransın əhəmiyyətini vurğuladı. Nümayəndə heyətinin işğaldan azad edilmiş torpaqlarımıza səfərinin, orada aparılan işlərlə yerində tanış olmalarının önəmini qeyd edən Prezident İlham Əliyev hazırda həmin ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirildiyini diqqətə çatdırdı.
 
Azərbaycan Prezidenti 44 günlük Vətən müharibəsi başa çatandan sonra Ermənistanla münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə məhz Azərbaycanın çıxış etdiyini vurğuladı. Dövlətimizin başçısı bu xüsusda, son dövrlərdə iki ölkənin xarici işlər nazirləri səviyyəsində sülh müqaviləsinin mətni üzrə Vaşinqtonda aparılmış müzakirələri, həmçinin Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə özünün Ermənistanın baş naziri ilə keçirdiyi görüşlərini qeyd etdi, qarşıdan gələn dövrlərdə də müxtəlif beynəlxalq tədbirlər çərçivəsində görüşlərin olacağını bildirdi.
 
Prezident İlham Əliyev Azərbaycanın təqdim etdiyi 5 prinsip, xüsusilə dövlətlərin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı şəkildə tanınması əsasında ölkəmizin sülh müqaviləsinin imzalanmasını dəstəklədiyini vurğuladı.
 
Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan, Gürcüstan və Ermənistanın eyni platformada bir araya gətirilməsi və inteqrasiya olunmuş Cənubi Qafqaz modelinin yaradılması təşəbbüsü məhz Azərbaycan tərəfindən irəli sürülüb.
 
Görüşdə nəqliyyat-kommunikasiya xətlərinin açılması məsələləri də müzakirə olundu.

Baxış sayı: 8444 | Tarix: 23.05.2023
Bizi Telegramda izləyin: @repostaz