Dövlət qeydiyyatı məsələsi hələ də həllini tapmayan AXCP, sosial şəbəkə və bir neçə informasiya resursları üzərindən qurultay sonrası özünün Ali Məclis sessiyasını keçirərək, yenidən partiyanın rəhbər strukturunu formalaşdırıb.
 
Sessiyada gizli səsvermə ilə Ali Məclisə yeni üzvlər, sədr seçilib. Bundan əlavə Ali Məclis sədrinin müavinləri və katibliyi, partiya sədrinin müavinləri və partiyanın rəyasət heyəti dəqiqləşib, təsdiqlənib.
 
Bura kimi yazılanlar partiya sədri Əli Kərimlinin də öz Facebook səhifəsində paylaşdığı və allı-güllü don geyindirərək az qala rəqabətli demokratik seçki nümunəsi yaradıblarmış kimi təqdim etdiyi məlumatlardır. Yəni Ayın görünən tərəfidir.
 
Gəlin, Ayın görünməyən tərəfinə işıq salmağa,  pərdəarxası baş verənlər barədə aydın təsəvvür yaratmağa çalışaq:
 
İlk "gizli" səsvermə Ali Məclisə "yeni" üzvlərin seçkisi ilə başlanıb. Burada sual yarana bilər ki, nəyə görə "gizli" və "yeni" sözləri dırnaq içərisində yazılıb? Cavab çox sadədir və qərəzdən tamamən uzaq, reallığa söykənir. Bu sözlər ona görə xüsusi olaraq işarələnib ki, əslində, bu seçki nəticələri əvvəlcədən hər kəsə bəlli olan bir seçki olub. Alternativli və demokratik seçki görüntüsü yaratmaq xətrinə namizədliyi qeydə alınmış və seçilməyəcəkləri ta başdan bəlli olan bir neçə cəbhəçidən savayı digər "seçilmiş əksəriyyət" bu seçkilərə tam hazır "paket" olaraq qoşulublar. Bu "seçilənlər" seçiləcəkləri təqdirdə əslində, partiyadaxili qruplaşmalardan, daha dəqiqi iki qrupdan birinin lehinə səsverəcəkləri ilə əvvəlcədən razılaşmış kəslərdir.
 
Bax indi yavaş-yavaş gəlirik əsl pərdəarxası mətləblərə.
 
Bəli, partiya iki qütbə bölünüb, parçalanıb. Eynilə Əli Kərimlinin partiya sədri postuna gəldiyi dönəmdə olduğu kimi. Elçibəy kimi bir humanist insanın ayağının altını qazmaqla onun axırına çıxan, hətta Elçibəyin ölümündən sonra da onun yaxasından düşməyən, partiya daxilində Elçibəy haqqında neqativ fikir formalaşmasına meydan açan və sonra da gedib ildə iki kərə Elçibəyin məzarı başında kövrək çıxışlar edib ağlamsınan Kərimli bu gün eyni aqibəti yaşayır.
 
Alternativsə gənc, Kərimli kimi yerindən məmnun və yerində sayan biri olmaq düşüncəsindən uzaq, novatorluğu və olaylara fərqli, müstəqil baxışları ilə qısa zamanda cəmiyyətin müxtəlif kəsimlərinin nəzər-diqqətini cəlb edə bilmiş, ara-sıra kiçik səhvləri ilə də gündəmə gələn və bu tip kiçik səhvlərin də məhz partiyadaşları tərəfindən şişirdilib gündəm edildiyi, bütün deyilənlərə rəğmən perspektivli bir siyasətçi olduğu muzakirələrə mövzu olan Seymur Həzidir.
 
Seymur Həzi nə istəyir?
 
Partiya daxilində Kərimli ilə kəllə-kəlləyə gəlməyi bacaran və digər indiyə qədər bu mövqedə olub linç edilərək partiyadan uzaqlaşdırılanlardan fərqli olaraq, hələ də ayaqda qalmağı bacaran bu yeganə şəxs partiyadaxili təkhakimiyyətliliyi bütün uğursuzluqların və nəticəsizliyin başlıca səbəbi olaraq görən və ilk olaraq məhz bu sistemi sındırmağa çalışan təşəbbüskar və iddiaçıdır. Tərəfdarları da yetərincədir. Və əgər tərəfdar yetərincədirsə, niyə o partiya sədrinin müavini olaraq qalmalıdır? Niyə ilkin olaraq Ali Məclis sədri postuna seçilməsin?
 
Olduqca maraqlı suallardır.
 
Niyə məhz Ali Məclis sədri postu?
 
Bilməyənlər üçün deyək ki, bu post rəhbərlik piramidasında partiya sədri postundan sonra ikinci post sayılır və əgər partiya sədri hər hansı fors-major halında idarə etmək iqtidarında və qabiliyyətində olmasa, rəhbərlik və idarəçiliklə bağlı bütün səlahiyyətlər avtomatik Ali Məclis sədrinə keçir.
 
Aha. Bax buna deyərəm iddia. Bax indi əsl mətləblər açılmağa başladı. Və bu ehtimal üzərindən olayların haralara qədər yürüyə biləcəyini hamıdan öncə məhz Kərimli görməli idi və gördü də. Görüncə də illərin qruplaşmalar təcrübəsinin daşıyıcısı olan, nəhəngləri əridə-əridə irəliləyərək postunu kimsəyə yedirtməyən Kərimli əvvəlcə gənc kadrına xəbərdarlıqda bulundu. Bu da işə yaramayınca  savaşsa savaş dedi.
 
nureddin_memmedli_00.jpg (45 KB)
 
Qayıdaq kiçicik bir həyətin kiçicik bir küncündə baş tutmuş sessiyaya. Bunu aşağılamaq kimi anlamayın. Sadəcə zaman tükəndiyindən hakimiyyətin sessiya üçün daha geniş və komfort yer ayırmasını gözləmək Kərimli üçün məğlubiyyətə bərabər olardı. Çünki artıq seymurçular günbəgün çoxalırdılar və gözləmək limiti bitirdi. Odur ki, Kərimli sessiyanın tezbazar versiyasını hazırladı, Seymuru və seymurçuları nəinki Ali Məclisi, heç özünü idarə edə bilməyən bir qocaya, Nurəddin Məmmədliyə uduzdurdu. Səsvermənin nəticəsi də (35 səs qoca Nurəddinə, 22 səs gənc Seymura) onu göstərir ki, Kərimlinin zaman limiti həqiqətən də tükənmək üzrəydi. Zaman sadəcə 7 səsin Seymur Həzinin lehinə çevrilməsi ilə duracaqdı və seymurçuların hər keçən gün çoxalması bu perspektivi qaçılmaz edirdi.
 
Sessiya bitdi və artıq Seymur Həzi demişkən, gələcəyə fokuslanmalıyıq.
 
Bəs gələcək nələrin şahidi olacağımızın anonsunu verir?
 
Kərimli üçün komfort idarəçilik dönəmini bitmiş hesab etmək olar. Əski günləri geri qaytarmaqçün ən azından Seymurla və seymurçularla savaşı tamamlamaq lazım olacaq. Seymur partiyadan gedə də bilər, yeni bir siyasi təşkilatı uğurla qura da bilər və yaxud da dinc barışıq olar, Seymur Domokl qılıncı kimi partiya fəaliyyətini davam da etdirə bilər.
 
Bəs seymurçular? Onlar necə? Onlar eyni "başarıyla" geri dönüş edib, Kərimlinin ətəyi həndəvərindəki əvvəlki yerlərini qaytara biləcəklərmi?//Yeni Musavat/

Baxış sayı: 4036 | Tarix: 08.09.2023
Bizi Telegramda izləyin: @repostaz