Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilib.
 
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

RePost.Az xəbər verir ki, Fərid Əhmədov 1979-cu ildə Bakıda anadan olub.

Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində bakalavr (2000) və magistr (2002) təhsili alıb.
 
2002–2003-cü illərdə Böyük Britaniyanın Esseks Universitetində, "British Chevening" təqaüdü ilə beynəlxalq insan hüquqları üzrə magistr təhsili alıb.
 
2004-cü ildə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspirantı olub, 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
 
2016-cı ildə Oksford Universitetində hüquq elmləri üzrə fəlsəfə doktorluğu elmi dərəcəsi alıb.
 
Yeni nazir əmək fəaliyyətinə 2000-ci ildə "Ədalət" hüquq şirkətində hüquqşünas kimi başlayıb və 2004-cü ilə kimi burada fəaliyyət göstərib.
 
2004–2006-cı illərdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Beynəlxalq Hüquq şöbəsində böyük məsləhətçi, 2006–2007-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin İnzibati və hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində çalışıb.
 
2007–2008-ci illərdə "LegCon Group" hüquq şirkətində baş hüquqşünas kimi fəaliyyətini davam etdirib, 2014-cü ildə "BM Morrison Partners" hüquq şirkətində Məhkəmə təcrübəsinin rəhbəri vəzifəsində çalışıb.
 
2015–2017-ci illərdə Azərbaycan Universitetinin rektoru, 2017–2020-ci illərdə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-də baş direktorun müavini vəzifəsində çalışıb.
 
12 mart 2021-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri, 24 may 2022-ci ildə isə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini təyin olunub.

Baxış sayı: 4378 | Tarix: 27.02.2024
Bizi Telegramda izləyin: @repostaz