Əsası 2009-cu ildə qoyulmuş BRICS təşkilatına Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası (Brazil, Russia, İndia, China, South Africa, BRICS) daxildir.  Bu ölkələr sürətlə inkişaf edir. Braziliya — kənd təsərrüfatı məhsuluyla zəngindir, Rusiya — dünyada ən böyük mineral resursların eksportçusudur, Hindistan — ucuz intellektual resurslara sahibdir, Çin — ucuz əmək resurslarına malikdir, Cənubi-Afrika Respublikası da təbii resursları ilə tanınır. Bu ölkələrin beşi də G20-yə daxildir. Dünyada Ümumi Daxili Məhsulun 27 faizi bu ölkələrin payına düşür. Bu isə 28 trilyon dollar civarındadır. 15 ölkə bu təşkilata üzv olmaq üçün rəsmən müraciət edib. 25 ölkənin isə bu təşkilata gələcəkdə qoşulacağı ehtimal olunurdu. BRICS təşkilatına qoşulacağı ehtimal olunan ölkələrdən biri də Türkiyə idi.
 
Türkiyənin xarici işlər naziri və təcrübəli kəşfiyyatçı kimi tanınan Hakan Fidan Çinə son səfəri zamanı Ankaranın BRICS dövlətlərarası assosiasiyasına üzv olmaq niyyətini açıqlayıb.
 
Bundan əlavə, dünya üzrə geniş əlaqələri olan yüksək təcrübəli məmurun iyunun 10-11-də Nijni Novqorodda keçiriləcək BRICS-in xarici əlaqələrə məsul rəhbərlərinin sammitində iştirak edəcəyi gözlənilir. İclas iştirakçıları Kazanda keçiriləcək BRICS sammitinə hazırlıq çərçivəsində Qlobal Cənubun aparıcı ticarət-iqtisadi blokunun genişləndirilməsi mövzusuna toxunacaqlar (bu il təşkilata Rusiya sədrlik edir. Yeri gəlmişkən, bu təşkilatın əsası Rusiyanın Yekaterinburq şəhərində qoyulub). Müvafiq olaraq, təşkilata yeni iştirakçının qəbulu məsələsinə baxılması birlik rəhbərlərinin mütləq səlahiyyətinə daxildir.
 
Rusiya tərəfi BRICS-a gedən yolda Türkiyəni dəstəkləyib. “Əlbəttə ki, biz hamımız qonşularımız, o cümlədən Türkiyə kimi mühüm tərəfdaşlar tərəfindən BRICS-ə artan marağı alqışlayırıq. Təbii ki, bu maraqdan qaynaqlanan mövzu BRICS sammitinin gündəmində olacaq”, - Kremlin sözçüsü Dmitri Peskov bununla bağlı bildirib. Öz növbəsində, Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov da Ankaranın bu niyyətini alqışlayıb. O bildirib ki, onsuz da Türkiyə uzun müddətdir Avropa İttifaqında xoş qarşılanmırdı və ABŞ isə türklər üçün etibarlı tərəfdaş olmaqdan çoxdan çıxıb.
 
O da maraqlıdır ki, cənab Fidanın bəyanatına çinli həmkarları tərəfindən də dəstək verilib. Belə ki, Çinin xarici işlər naziri Vanq Yi qeyd edib ki, həm Çin, həm də Türkiyə beynəlxalq məsələlərdə ayrı-ayrı ölkələrin monopoliyasına qarşı birgə müqavimət göstərməli, ədalətli qlobal idarəetmə sistemi qurmalıdır. Bundan əlavə, Pekin Ankara ilə iqtisadiyyat, ticarət, enerji, infrastruktur, eləcə də yüksək texnologiyalar və rəqəmsal iqtisadiyyat sahələrində əməkdaşlığı daim genişləndirməyə hazır olduğunu bildirib.
 
Fəxrəddin Altun: “Fransada azərbaycanlı jurnalistlərə mənfur hücumu  qətiyyətlə pisləyirik” – FOTO
 
Türkiyənin nüfuzlu rəsmi şəxslərindən olan Fəxrəddin Altunun bu bəyanatına isə o qədər də diqqət yetirilmədi: “Türkiyə artıq Qərbdən sifariş almır, ölkə müstəqil siyasət aparır. Biz bunu açıq və birmənalı deyirik: Türkiyə artıq Qərbin nəzarətində deyil və öz müstəqil siyasətini və strategiyasını inkişaf etdirə bilir”.
 
Bu nüfuzlu məmurun fikrincə, Ankara bu gün regionda sabit və müstəqil xətt və strategiya yürütməkdə israrlıdır. Cənab Altun Qərb mediasının Türkiyə əleyhinə apardığı kampaniyadan da məyusluğunu dilə gətirib.
 
Türkiyə yeni və çoxmərkəzli dünya nizamı qurmaqda maraqlı görünür. Təsadüfi deyil ki, cənab Fidan ölkəsinin BRICS-ə qoşulmasını Avropa İttifaqına “yaxşı alternativ” kimi nəzərdən keçirir. Məlum olduğu kimi, Türkiyə dörddə bir əsrdən artıqdır ki, Avropa İttifaqına tamhüquqlu iştirakçı kimi daxil olmağa çalışır, daim imtina ilə üzləşir. Türkiyəyə deyirlər, sən Qərb dəyərlərinə uyğun gəlmirsən.
 
Prezident Ərdoğan və xarici işlər naziri Fidanın simasında Türkiyə rəhbərliyi ardıcıl siyasi xətt yeridir. Uzun illərdir ki, Türkiyə BMT Təhlükəsizlik Şurasının tribunasından “dünya beşdən büyükdür”, deyir. O da sirr deyil ki, Amerika-Türkiyə, bütövlükdə Qərb-Türkiyə münasibətləri tənəzzül mərhələsinə qədəm qoyub. Məsələn, Tayyib Ərdoğanla Co Bayden arasında mayın 9-da keçiriləcəyi planlanan görüş qeyri-müəyyən müddətə təxirə salınıb. Amerika Xarici Əlaqələr Şurasının hesabatının başlığında deyildiyi kimi, “Türkiyə Amerika üçün nə dost, nə də düşmən ölkədir”. Bu, niyə belədir? Əsasən iki səbəb var:
 
1) ABŞ Avropa İttifaqı ilə birlikdə Fətullah Gülən hərəkatı üzərindən 2016-cı ildə Türkiyədə hərbi çevriliş etməyə cəhd göstərdi.
 
2) ABŞ və Avropa İttifaqı rəsmən terrorçu təşkilat kimi tanıdığı PKK və onun törəmələrinə hərbi və siyasi dəstək verir.
 
NATO üzvü və Avropa Birliyinin assosiativ üzvü olan Türkiyəni BRICS təşkilatına qoşulması heç şübhəsiz ki, Türkiyə ilə Qərb arasındakı münasibətlərə mənfi təsir edəcək. Ancaq Qərbin Türkiyəyə ögey münasibəti rəsmi Ankaraya başqa seçim imkanı qoymadı. Böyüyən və getdikcə güclənən Türkiyə yeni bazarlar uğrunda mübarizədə BRICS-in imkanlarından yararlanmaqda qərarlı görünür.
 
Tez-tez əsasən Qərb dövlətlərinin rəhbərlik etdiyi G7-yə alternativ olaraq görülən BRICS qlobal güc dinamikasında əhəmiyyətli dəyişikliyi təmsil edir. Türkiyə bu bloka qoşulan ilk NATO ölkəsi olacaq.
 
Türkiyənin Çin və Rusiyanın rəhbərlik etdiyi iqtisadi platformaya marağı Avropa paytaxtlarında çaşqınlıq yaradıb. Adının açıqlanmasını istəməyən rəsmi şəxs deyib: “Biz BRICS-i NATO və ya AB-yə alternativ olaraq görmürük, lakin Avropa İttifaqına daxil olma prosesinin dayanması bizi digər iqtisadi platformaları araşdırmağa sövq edir”.
 
Rəsmi şəxs əlavə edib ki, Türkiyənin “kağız üzərindəki müttəfiqləri” tez-tez Ankaranın təhlükəsizliklə bağlı narahatlıqlarını görməzdən gəlir və Türkiyənin hərbi sənayesinin əldə etdiyi uğurları qısqanclıqla qarsalayırlar: "Bizim üçün cüzi bir fayda şansı olsa belə, BRICS kimi çoxtərəfli platformanın bir hissəsi olmaq istərdik".
 
Türkiyənin Milli Müdafiə Universitetinin alimi Hayati Ünlü isə hesab edir ki, Türkiyənin BRICS-ə marağı Qərbdən tam uzaqlaşma kimi qəbul edilməməlidir. “Türkiyə iqtisadi çətinlikləri aradan qaldırmaq üçün Qərblə əlaqələrinindən kənarda yeni əlaqələr şəbəkəsini inkişaf etdirmək istəyir”.
 
Cənab Ünlu qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatı və Ümumdünya Ticarət Təşkilatı kimi ənənəvi qlobal qurumlar getdikcə köhnəlmiş kimi görünür və bu, BRICS-s kimi alternativ platformaların yaranmasına səbəb olur.
 
ABŞ-ın Şimal-Şərq Universitetinin Rusiya məsələləri üzrə eksperti Leon Rozmarin ”middleeasteye.net” saytına deyib: "Hər iki toyda yemək yemək daha yaxşıdır, belə deyək. Türkiyə həm Qərblə, həm də yerdə qalan dövlətlərin əsas hissəsi ilə əməkdaşlığa can atır. Bununlada Türkiyə hər hansı bir ölkənin bacara bilməyəcəyi unikal rolda çıxış etmək istəyir”.
 
Rozmarin hesab edir ki, Türkiyənin BRICS-ə can atması 2022-ci ildə başlanan Ukraynana müharibəsindən sonra da Rusiya ilə ticarət əlaqələrini saxlamaq siyasətinə uyğundur. "Türkiyənin qoşulacağı BRICS mütləq anti-Qərb hərəkəti deyil, çünki Hindistan və Braziliya ilk gündən bu təşkilatdadır".
 
”Middleeasteye.net” saytına "Çin istisna olmaqla, BRİCS-is ölkələri ilə əhəmiyyətli ticarətimiz yoxdur" deyən türkiyəli səlahiyyətli şəxs ona da diqqət çəkib ki, Türkiyənin hələ də illik ticarətinin yarısından çoxunu Avropa Birliyinin payına düşür.
 
Cənab Ünlü hesab edir ki, Türkiyə kimi orta güclərin iştirakı BRICS-in əhəmiyyətini artıra bilər, çünki Türkiyə kimi ölkələr super güclərin dominant olmadığı çoxqütblü dünya nizamı axtarırlar.
 
Elbəyi HƏSƏNLİ, SÜRİX
 

Baxış sayı: 6373 | Tarix: 10.06.2024
Bizi Telegramda izləyin: @repostaz