"Rusiya Xarici İşlər Nazirliyinin sığorta ödənişi ilə bağlı açıqlaması 2024-ci ilin dekabrın 25-də Rusiya hava məkanında təyyarəmizin vurulması ilə bağlı baş vermiş qəzanın səbəblərinin araşdırılmasına və istintaqın obyektiv şəkildə yekunlaşdırılmasına kölgə salan bir açıqlamadır".
Bunu APA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rizvan Nəbiyev bildirib.
Sığorta ödənişi və dövlət məsuliyyətinin fərqi
Deputat deyib ki, Rusiya Federasiyası tərəfindən qeydiyyata alınmış sığorta şirkətinin AZAL ilə bağladığı müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirməsi ilə Rusiya Federasiyasının beynəlxalq hüquqdan irəli gələn dövlət məsuliyyəti və müvafiq dövlət orqanlarının öhdəlikləri tamamilə fərqli mövzulardır: “Sığorta ödənişi Azərbaycanın tələb etdiyi kompensasiyanın təmin edilməsi deyil. İndi bu açıqlamanın yayılması daha çox ictimai rəyi çaşdırmaq cəhdidir. Rusiya Xarici İşlər Nazirliyinin bu açıqlaması qəzanın baş vermə şəraitinin, məsələnin mahiyyətinin və səbəbkarların müəyyən olunmasının və bundan irəli gələn aidiyyəti dövlət orqanlarının daşıdığı məsuliyyətin ört-basdır edilməsinə hesablanmış addımdır. Bu açıqlama Rusiya Federasiyasının suveren hüquqlarını və yurisdiksiyasını həyata keçirdiyi öz hava məkanında təhlükəsizliyi təmin edə bilmədiyinə görə baş vermiş qəzaya görə yaranan məsuliyyəti ört-basdır etmək məqsədi güdür. Rusiya 1944-cü il Çikago Konvensiyasına, 1971-ci il Monreal Konvensiyasına, eləcə də 1993-cü ildə Azərbaycanla imzaladığı hava əlaqəsi haqqında müqaviləyə əsasən, öz hava məkanında Azərbaycana məxsus hava nəqliyyatı vasitələrinin təhlükəsizliyini təmin etmək öhdəliyinə malikdir. Bu öhdəlik Rusiyanın aidiyyəti dövlət orqanları tərəfindən təmin edilmədiyindən, kənar müdaxilə nəticəsində ağır nəticələri olan və çoxsaylı insan itkisinə səbəb olan qəza baş verib”.
Beynəlxalq konvensiyalar və Rusiyanın öhdəlikləri
Rizvan Nəbiyev qeyd edib ki, Rusiya beynəlxalq müqavilə öhdəliklərinə sadiqliyini göstərməli, rəsmi şəkildə üzr istəməli və dövlət olaraq həm təyyarənin vurulmasına, həm də orada həlak olan şəxslərə və yaralanmışlara kompensasiya ödəmək öhdəliyini qəbul edərək bu istiqamətdə konkret addımlar atmalıdır:
Azərbaycanın tələbləri
“Bu tələbləri prinsipial şəkildə Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin dekabrında bəyan edib və bundan sonra da həm Şuşa Beynəlxalq Forumunda, həm də digər platformalarda ali səviyyədə səsləndirilib. Bu tələblərin tez bir zamanda yerinə yetirilməsi, ikitərəfli münasibətlərdə yaranmış gərginliyin aradan qaldırılmasına xidmət edəcək”.
AZAL-ın təyyarəsinin qəzaya uğraması
Qeyd edək ki, AZAL aviaşirkətinə məxsus Embraer təyyarəsin 25 dekabr 2024-cü ildə qəzaya uğrayıb. Bakıdan Qroznıya uçan təyyarə iki uğursuz eniş cəhdindən sonra Aktauya yönəlib. Qazaxıstan hava limanına təxminən 5 km qalmış qəzaya uğrayıb.
Təyyarədə 67 nəfər olub (42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü Qırğızıstan vətəndaşı), onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
Qazaxıstan Nəqliyyat Nazirliyinin dərc etdiyi ilkin araşdırma hesabatına görə, AZAL təyyarəsi yerə çırpılmadan öncə "xarici obyektlər" tərəfindən zədələnib, bunun nəticəsində hidravlik maye və ya təzyiq itkisi baş verib. Hesabatda, Qazaxıstan tərəfinin Embraer gövdəsində aşkar etdiyi yad cisimləri müəyyənləşdirdiyinə dair heç bir nəticənin olmadığı qeyd olunub.
Araşdırmalar davam edir. Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastaev daha əvvəl bildirmişdi ki, AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasına dair yekun araşdırma hesabatı 2025-ci ilin dekabr ayında dərc oluna bilər.
Rusiyanın "Alfa Sığorta" şirkəti AZAL aviaşirkətinə məxsus Embraer təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı avia-kasko üzrə sığorta ödənişini həyata keçirdiyini açıqlayıb.