"Qaçaq Nəbi" filmində belə bir süjet var – hərəsinin bir öküzü olan iki cütçü şikayətə gəlirlər, Nəbi də onlara məsləhət görür ki, öküzlərinizi də, əkin yerlərinizi də birləşdirin, əkəndə də, yeyəndə də ortaq qardaş olun.
Yəni yüz il bundan qabağın Nəbisi ən azından barışıq yaratmağın yolunu tapmış, hətta kollektiv təsərrüfat modeli təklif edə bilmişdi. Təxminən oxşar bir olayı indi də Kərimli yaşamaqdadır. Deməli, günümüzün iki cütçüsü, həm də AXCP üzvləri olan Anar Ərkivan və Rauf Məmmədov əkin-biçin davasına çıxmalı olublar. Bu iki nəfər arasında narazılıq isə ondan yaranıb ki, biri torpaq sahibi (Rauf Məmmədov), digəri isə "investor" (Anar Ərkivan) qismində torpağı birlikdə əkib, birlikdə gəlir götürmək qərarına gəliblər və məhsul (qarpız-yemiş) yığılıb satıldıqdan sonra məlum olub ki, məhsulun satışını öz öhdəsinə götürən "investor Anar" satışdan sonra torpaq sahibi Raufa çatacaq pulu mənimsəyib. Torpağın yiyəsi Rauf Məmmədov da çar-naçar üz tutub Saatlı polis idarəsinə, Anar Ərkivandan şikayət etməyə.
Edib də. Məsələnin bu həddə çatacağını ağlına gətirməyən Anar Ərkivan da uğrunda maşın sürmədiyi yer qalmayan Əli Kərimliyə ağız açmalı olub ki, bəs a bəy, əl məndən ətək səndən, qurtar məni bu rüsvayçılıqdan. Atəş olsa cimri (həcmi) qədər yer yandıracaq olan Kərimli də əlindəki vacibdən vacib jurnalist-bloger işlərini kənara qoyub, başlayıb yeni nəsil 4×4 motorlu cəbhəçi-investorun xilası ilə məşğul olmağa. Bax burda gəlib çatırıq zurnanın zırt dediyi yerə.
Cəbhəçilərin onlara sırınmış "yel qayadan nə aparar?" tezisindəki qaya obrazını canlandıran Kərimli dühası nə hikmətdirsə, məsələnin həlli yolunu zərərçəkmiş Rauf Məmmədova dəymiş ziyanın ödənilməsində yox, əksinə, Rauf Məmmədova ayıbdan-zaddan, partiya yoldaşlığndan, əqidəşlığından, sirdaşlığından filandan dərs keçməkdə və onu şikayət ərizəsini geri götürməyə məcbur etməkdə görüb. Aldadılmış və şikayətçi tərəf olan Rauf isə haqlı olaraq bunun qarşılığında ona dəymiş zərərin ödənilməsini tələb edib. Beləliklə də, həm komsomol keçmişi ilə məşhuri-cahan olan, həm də sekta idarə edirmiş kimi partiya idarə edən, son aylarda isə siyasətçilikdən siyasi analitikliyə keçid edən və dünyanın Tayvandan belə dörd bir yanında çap olunan (oxunan yox) divar qəzetlərində köşə yazarlığı ilə məşğul olan Kərimli dühası doğrudüzgün bir çıxış yolu tapıb ədalətli qərar verə bilməyib ki bilməyib. Əslində bu o qədər asan iş də deyil. Çünki adamcığaz elə etməlidir ki, nə reqaliya ilə şərəfləndirib təşkilat işlərini yüklədiyi Anar Ərkivan və onun cənublu çevrəsi incisin, nə də bir tikə əkin sahəsinə ümid olub yaşam planları quran sıravi cəbhəçi Rauf Məmmədov. Kərimlini çətinliyə salan bir məqam da odur ki, əslində haqlı tərəf olan Rauf Məmmədov Saatlı sakinidir, yəni Kərimlinin bütün qüsurlarına rəğmən yerlidir deyə ona ən çox qahmar çıxan və Kərimlinin də doğulduğu rayonun sakinidir. İndi adamcığaz başını itirib, bilmir nə qərar versin, necə qərar versin ki, nə şiş yansın, nə kabab.
Məsləhət vermək kimi çıxmasın, məncə elə bildiyin yoldan get, yoldaş Kərimli. İntriqanı bir az da böyüt, iki cəbhəçidən birini hakimiyyətə satılmaqda ittiham edib cəbhəçilərə linç elətdir, o birini də qarpız-yemiş məhbusu adıyla həbsə göndər, sonra da adını qoy siyasi məhbus, təzə siyahıya əlavə elə, göndər Qənimətgilin yallandığı tərəflərə. İndi özünüz baxıb qiymət verin ki, kimlər özünü sifarişlə mətbuata “ana müxalifət lideri” kimi təqdim edir, adının ali rəhbərliklə bir sırada hallanmasına çalışır, lakin unutduğu məqam odur ki ölkə başçısı Azərbaycanın 200 illik tarixində olmayan möcüzələr yaradır, işğalda olan torpaqları geri qaytarır, Əli Kərimlinin status yazaraq, bloqerlik edərək diqqətini çəkməyə çalışdığı ABŞ Prezidenti Tramp və dünyanın güc mərkəzləri onu böyük sayğı ilə qəbul edir, bölgənin inkişaf perspektivlərini müzakirəyə çıxarırlar, Ermənistana öz torpağından dəhliz açmağı diktə edir, lakin Əli Kərimli isə xəyallara gedir, Qaçaq Nəbilik eşqinə düşür, sonunda Saatlı rayonunda qarpız-yemiş davası aparır. //Stimulxəbər