ABŞ-la Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycanın regional liderliyini möhkəmləndirən yol xəritəsidir.
 
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili bildirib.
 
Deputat deyib ki, dünən imzalanmış “Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası” ölkəmizin beynəlxalq mövqeyinin və regional rolunun yeni səviyyəyə yüksəlməsinin mühüm göstəricisidir: “Sənəd bir daha təsdiq edir ki, Azərbaycan yalnız enerji ixracatçısı deyil, həm də Avrasiyanın strateji nəqliyyat, logistika və rəqəmsal mərkəzlərindən birinə çevrilir. Xartiyada Orta Dəhlizin inkişafı, regional bağlantılılığın gücləndirilməsi, ticarət və investisiya axınlarının artırılması kimi prioritetlərin açıq şəkildə vurğulanması ölkəmizin uzunmüddətli iqtisadi strategiyası ilə tam uzlaşır. Sənəddə xüsusilə diqqət çəkən məqamlar ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə açıq dəstəyi, Transxəzər Nəqliyyat Dəhlizinin qlobal ticarət üçün əsas marşrut kimi tanınması, süni intellekt, rəqəmsal infrastruktur və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi və kibertəhlükəsizlik və yüksək texnologiyalar üzrə birgə təşəbbüslərin nəzərdə tutulmasıdır”.
 
Tahir Mirkişili qeyd edib ki, bu sənəd iqtisadi əməkdaşlığı yalnız ənənəvi sahələrdə deyil, gələcəyin iqtisadiyyatı olan rəqəmsal texnologiyalar, AI və innovasiyalar istiqamətində də yeni mərhələyə daşıyır: “Eyni zamanda, özəl sektorun prosesə cəlb edilməsi Azərbaycanın biznes mühitinə beynəlxalq etimadın güclənməsi deməkdir. Bir sözlə, Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycanın İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın regional liderliyini möhkəmləndirən, yeni investisiya və inkişaf imkanları açan, gələcəyə yönəlmiş mühüm yol xəritəsidir”.

Baxış sayı: 217 | Tarix: 11.02.2026
Bizi Telegramda izləyin: @repostaz