Suriya, Liviya, Yəməndə hələ də davam edən humanitar böhranlarla bağlı riyakarlığını və prinsipsizliyini sübut edən ölkələrin dünyaya haqq-ədalət verə bilməyəcəyini bir daha təkrar edirəm. Ermənistanın Azərbaycan torpaqlarına hücumlarının qarşısını almaq üçün addımın atılmaması bunun əsl nümunələrindən biridir.
 
RePost.Az xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin onun sədrliyi ilə keçirilən növbəti iclasından sonra xalqa müraciətində bildirib.
 
Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyənin heç kəsin torpağında gözü yoxdur. Türkiyə öz hüquq və haqlarını sonadək müdafiə edəcək.
 
Türkiyənin Müdafiə Nazirliyi də Azərbaycana dəstək nümayiş etdirib. Nazirliyin Tvitter hesabında Ermənistana xəbərdarlıq edilərək atəşlə oynamağı dərhal dayandırmaq tələb edilib.
 
Nazirlikdən verilən açıqlamada deyilib: “Yuxarı Qarabağı qanunsuz işğal edən Ermənistan indi də Tovuz bölgəsində atəşkəsi pozaraq bir qəhrəman Azərbaycan əsgərimizi şəhid etdi. Şəhidimizə Allahdan rəhmət, bütün azərbaycanlı qardaşlarımıza baş sağlığı diləyirik. Ermənistan atəşlə oynamağı dərhal dayandırmalıdır”.
 
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da bu gün erməni təxribatı nəticəsində şəhid olan gizir Elşən Məmmədovla bağlı Azərbaycan xalqına və şəhidin ailəsinə başsağlığı verib.
 
"Ermənistanın təxribatı nəticəsində bu gün şəhid olan gizir Elşən Məmmədova Allahdan rəhmət, ailəsinə və qardaş Azərbaycan xalqına başsağlığı diləyirəm. Ermənistanı təxribatlarına son verəərk ağlını başına yığmağa səsləyirəm. Can Azərbaycanın haqlı davasında daim yanındayıq", - deyə Çavuşoğlu sosial mediada qeyd edib.
 
Qardaş Türkiyə xalqı sosial media hesabları vasitəsilə hər zaman Azərbaycanın yanında olduğunu dünyaya nümayiş etdirir.
 
AZƏRTAC xəbər verir ki, Azərbaycanla həmrəylik nümayiş etdirilən paylaşımlarda “Yalnız deyilsən, Can Azərbaycan”, “İndi dualarımızla, lazım olduğu təqdirdə canımızla, qanımızla qardaşlarımızın yanındayıq”, “Hədəfimiz Şuşadır, bizi gözləyin”, “Yaşasın şanlı Azərbaycan ordusu” kimi bir sıra fikirlər yer alır.
 

Baxış sayı: 2440 | Tarix: 21.09.2020
Bizi Telegramda izləyin: @repostaz