Sumqayıtda qısqanclıq zəminində arvadını öldürməyə cəhddə ittiham olunan 1988-ci il təvəllüdlü Teymur Şıxkərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
RePost.Az teleqraf.com-a istinadən bildirir ki, Teymur Şıxkərimovla arvadı Aygünün mobil telefonla ondan gizlin başqa şəxslərlə danışıb görüşməsindən şübhələndiyinə görə tez-tez aralarında mübahisələr olub.
 
Teymir Şıxkəirmov arvadının başqa şəxslərlə münasibətdə olmasını ehtimal edib və onu öldürmək qərarına gəlib. 8 iyun 2020-ci il tarixdə saat 13-də ondan ayrılıb kirayadə qalan Aygünün yaşadığı binanın qarşısına gəlib, qadına 12 bıçaq xəsarəti yetirib. Hadisə şahidlərinin müdaxiləsi və zərərçəkmiş şəxsə vaxtında tibbi yardım göstərilməsi nəticəsində Aygünün həyatını xilas etmək mümkün olub.
 
İstintaq orqanı tərəfindən Teymur Şıxkərimovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
 
"Arvadımda soyuqluq hiss etdim"
 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Teymur Şıxkərimov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.
 
O qeyd edib ki, 1988-ci il tarixdə Xaçmaz rayonunun Həsənqala kəndində anadan olub: "Hərbi xidmətdən qayıtdıqdan sonra Bakı və Sumqayıt şəhərlərində müxtəlif yerlərdə kirayədə qalaraq tikinti şirkətlərində fəhlə işləmişəm. Aygünü ilk dəfə 2011-ci ildə Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində çörək sexində görmüşəm. Onunla tanış olduqdan təxminən 1 ay sonra rəsmi nikaha daxil olduq. Həmin nikahdan 2012-ci ildə Nuray, 2013-cü ildə Mədinə adlı övladlarımız dünyaya gəldi.
 
Nikaha daxil olduqdan sonra qayınatam Tofiq Mayılova məxsus evdə yaşadıq. Təxminən 2 il öncə arvadım Aygündə özümə qarşı soyuqluq hiss etdim. Əvvəllər Aygün telefonu stolun üzərinə qoyurdusa, son vaxtlar telefonu özündə saxlayır və çox vaxt səssiz rejimdə idarə edirdi".
 
"Aygün əxlaqsızlıq edir, gəl arvadına sahib çıx"
 
Təqsirləndirilən şəxsin sözlərinə görə, Aygünün telefonuna zəng etdikdə dəfələrlə onun kiminləsə danışdığının şahidi olub: "Ondan bu barədə soruşduqda, hər dəfə bacısı ilə danışdığını deyirdi. Ötən ilin əvvəlində işləmək üçün Ağsu rayonuna getdim, daha sonra Sumqayıt şəhərinə gəldim.
 
Xaçmaz rayonunda olarkən Aygün mənə zəng vurub atasının onu evdən qovulduğunu dedi. Məsələni aydınlaşdırmaq üçün qayınatamla danışdım. Qayınatam "Aygün əxlaqsızlıq edir, gəl arvadına sahib çıx" dedi. Həmin vaxtdan Aygün bacısı Elnarəgilə getdi və orada təxminən 3-4 gün qaldıqdan sonra Sumqayıt şəhəri, 4-cü mikrorayonda evdə kirayə yaşamağa başladı".
 
"Qızım anasının evə kişi gətirdiyini dedi"
 
Teymur Şıxkərimov qeyd edib ki, Sumqayıt şəhərinə gəlib və Aygünün kimləsə mesajlaşdığını görüb:
 
"Telefonu əlindən almaq istəsəm də, Aygün buna imkan vermədi. Paltarlarımı yığaraq Bakı şəhərinə, səhərisi gün isə ordan Xaçmaz rayonuna getdim.
 
Xaçmaz rayonunda bir müddət işlədikdən sonra aprel ayının sonlarında Aygünün Sumqayıt şəhərində kirayə yaşadığı evə qayıtdım. Söhbət zamanı qızım Mədinə mənə anasının evə Taleh adlı kişi gətirdiyini və həmin kişinin Sumqayıt şəhərində meyvə-tərəvəz satışı ilə məşğul olduğunu dedi.
 
Talehin işlədiyi və yaşadığı yer haqqında məlumat topladıqdan onun dükanına getdim. Lakin gec olduğu üçün dükan bağlı idi".
 
"Qulağımı kəsəcəyini dedi"
 
Teymur Şıxkərimovun ifadəsinə görə, qızı Mədinəni Şabran rayonuna aparıb: "Aygün Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinə qızımız Mədinənin mənim tərəfimdən qaçırılması barədə müraciət etdi. Polis bölməsinə Mədinənin doğma qızım olduğunu və onun öz istəyi ilə rayona apardığımı dedim. Polis bölməsində izahat verərək yenidən Şabran rayonuna qayıtdım.
 
Aygünlə danışarkən o, Mədinəni evə gətirməyi, bir daha uşqaları mənə göstərməyəcəyini və məndən boşanaraq Talehlə nikaha daxil olacağını dedi. Söhbət zamanı Aygün Talehin mənim qulağımı kəsəcəyini dedi. Mən də həm Aygünün, həm də Talehin ünvanına söyüş söydüm. Sonra Aygün telefonu keçirdi.
 
Yenidən yığdıqda qızım Nuray telefonu götürərək anasının evi səliqəyə saldığını dedi".
 
Təqsirləndirilən şəxs qeyd edib ki, bir müddət sonra yenidən Aygünün telefonuna zəng vurub: "Telefonu açan Nuray ağladı. Bu zaman Talehlə Aygünün səslərini eşitdim. Axşam radələrində Aygün mənə zəng edərək telefonu Mədinəyə verməyimi, Mədinəni Nurayla danışdırmaq istədiyini dedi.
 
Həmin vaxt Talehin Nuraya "qızım bacınla danış" dediyini eşitdım. Aygünə "səni öldürəcəm, mənim qızım olan evə yad kişi salmısan" dedim. Aygün məni təhqir etməyə başladı. Aygünə "sabah görəcəksən" dedim".
 
"Aygünün aşağı düşməsini gözlədim"
 
Teymur Şıxkərimov əlavə edib ki, iyunun 8-də qızı ilə birlikdə Sumqayıt şəhərinə gəlib: "Aygün polislərlə uşağı məndən almağa gələcəyini dedi, mən isə ona narahat olmamağı söylədim. Qızım Mədinəni çayxanada qoyub, Aygünün kirayə qaldığı binanın qarşısına gəldim, onun aşağı düşməsini gözlədim. Bir müddət sonra Aygünün Talehin idarə etdiyi qeydiyyat nişanın dəqiq xatırlamadığım "Ford" markalı avtomobildən düşdüyünü gördüm.
 
Aygünün üzərinə gedərək, özümdə olan bıçaqla onun boynuna, boğazına və müxtəlif yerlərinə vurdum. Zərbənin təsirindən bıçağın dəstəyi tiyədən ayrıldı. Aygünün səsinə gələn Taleh maşından düşərək məni söyə-söyə arxamca qaçsa da, mənə çata bilmədi".
 
Teymur Şıxkərimov qeyd edib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü polis bölməsinə gedib, arvadını bıçaqladığını deyib: "Aygünlə görüşməkdə məqsədim onu qorxutmaq olub. Aramızda mübahisə təxminən 5 dəqiqə davam etdi.
 
Aygünə 12 bıçaq zərbəsi vurdum. Hadisə vaxtı orada tanıdığım kimsə olmayıb, qıraqdan müdaxilə edən şəxsləri tanımamışam. Məqsədim Aygünü vurub qorxutmaq olub. Bu cinayəti törətməyə Aygünün əxlaqsız hərəktləri vadar edib".
 
"Mənə və uşaqlara baxmırdı"
 
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Aygün Şıxkərimova bildirib ki, Teymuru ilk dəfə 2011-ci ildə Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində çörək sexində görüb: "Teymurla tanış olduqdan təxminən 1 ay sonra münasibətlərimizi rəsmişləşdirərək rəsmi nikaha daxil olduq. Ailə qurduqdan sonra atam Tofiqə məxsus evdə yaşamağa başladıq.
 
Evliliyin ilk illərində Teymurla münasibətlərimiz yaxşı oldu. Teymur müxtəlif yerlərdə fəhlə kimi çalışaraq ailəni dolandırdı. Təxminən 2 il öncə münasibətlərimiz pozuldu. Teymur evə içkili gəlir, pul qazansa da mənə və uşaqlara baxmırdı. Teymur dəfələrlə boşanmaq üçün mənim ərizə verməyimi desə də, boşanmaq üçün ərizə vermək istəmədim".
 
Zərərçəkmişin ifadəsinə görə, sonradan qardaşı ilə mübahisə etdiyi üçün yaşadığı Corat qəsəbəsindən çıxaraq bir müddət bacısı Elnarə ilə qalıb: "Aprel ayından Sumqayıt şəhəri, 4-cü mikrorayonda kirayə tutdum, orada yaşadım. Həmin evdə yaşadığım müddətdə Teymur bir dəfə bizi görməyə gəldi. Aramazda mübahisə düşdüyündən Teymur paltarlarını yığaraq getdi".
 
"Sevgi münasibətim olmayıb"
 
Aygün Şıxkərimova qeyd edib ki, Teymur qızı Mədinəni Şabran rayonuna aparıb: "Polis bölməsinə qızım Mədinəni Teymurun qaçırması barədə müraciət etdim. Teymur mənimlə əlaqə saxladı, bazar ərazisində görüşməyi təklif etdi və Mədinəni mənə verəcəyini dedi. Bazar istiqamətinə getmək üçün həyətə düşdükdə, Teymur bıçaqla mənim üzərimə gəldi, məni yerə yıxaraq ayağını boğazıma qoydu. Daha sonra Teymur mənim boğaz, boyun, çiyin və digər nahiyələrimə bıçaqla vurmağa başladı. Ətrafda olan tanımadığım iki nəfər Teymuru tutaraq məni öldürməyinə imkan vermədilər.
 
Sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırıldım. Mənim Taleh adlı şəxslə hər hansı sevgi münasibətim və ya cinsi əlaqəm olmayıb. Taleh meyvə-tərəvəz dükanı işlətdiyinə görə onu tanımışam. Talehdən 150 manat borca pul almışan, sonuncu bir-iki dəfə qapını döyərək borcunu istəyib. Hazırda Teymurdan şikayətçiyəm, onunla barışmamışam. Mənə vurulmuş xəsarətlərə görə müalicə pulumu ödəməyib. Ona ağır cəza verilməsini xahiş edirəm".
 
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəsində hakim Telman Hüseynovun sədrlik etdiyi kollegiyada baxılıb.
 
Teymur Şıxkərimov 7 il 10 ay 15 gün müddətə azadlıqdan məhrum edilib.

RePost.Az

Baxış sayı: 2991 | Tarix: 04.02.2021
Bizi Telegramda izləyin: @repostaz