Xaricdən sifariş verilən 300 dollarlıq mal limitinə daxil olan xərclər yalnız çatdırılma haqqıdır ki, bunun da həcmi elə də çox deyil, bir bağlama üçün 3-5 dollar təşkil edir.
 
RePost.Az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev xarici ticarətlə bağlı keçirdiyi mətbuat konfransında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bu qərara qədər idxal və ya elektron sifariş vasitəsilə sifarişin 85-87%-i 300 dollar həcmini ötmürdü.
 
“Bu 300 dollar həcmi də, dəfələrlə demişik ki, regionda digər ölkələrlə müqayisədə normal rəqəmdir. 4 nəfərdən ibarət ailə düşünsək, ay ərzində 1200 dollar həcmində mal sifariş vermək hüququ var. Bir ailənin gəlirlərini də hesablayanda bəlli olur ki, bu yanaşma normaldır. Amma hökumət qərar verərsə 300 dolları 500 dollar və ya 100 dollar edək bizim işimiz qərarları icra etməkdir”, - deyə S.Mehdiyev əlavə edib.
 
O həmçinin qeyd edib ki, yeni ticarətin asanlaşdırılması mərkəzi layihəsinin üzərində işləyirik. Yaxın günlərdə təkcə hava nəqliyyatında deyil, şəhərin yaxın mərkəzində özəl bir yerdə malları anbardan götürmək istəyən şirkətlər üçün şərait yaradacağıq ki, ikinci, üçüncü ticarətin asanlaşdırılması mərkəzləri vasitəsilə malları oradan götürə bilsinlər.

Baxış sayı: 3428 | Tarix: 04.03.2021
Bizi Telegramda izləyin: @repostaz