Bəzi sosial şəbəkə səhifələrində vətəndaş Laçın Vəliyevin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılması və onun təzyiqə məruz qalması ilə bağlı ddialar yayılıb.
 
RePost.Az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Kütləvi İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"un sorğusuna cavab olaraq bildirib ki, yayılan iddialar həqiqəti əks etdirmir:
 
"Həmin şəxs törətdiyi konkret cinayət əməlinə görə, Sabunçu RPİ əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Belə ki, o, satış məqsədilə qanunsuz olaraq, narkotik vasitələrin dövriyyəsində şübhəli bilinir. Onun üzərindən istintaqla mənbəsi araşdırılan, şəxsi istehlak miqdarından artıq narkotik maddə 4,791 qr metamfetamin, 6,474 qr heroin aşkarlanıb.
 
Qeyd olunan hərəkətlərdə Cinayət Məcəlləsinin qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma tərkib əlamətləri müəyyən olunub.
 
Fakt üzrə Sabunçu RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 234.4.3-cü madəsi ilə cinayət işi başlayıb. Hazırda istintaq hərəkətləri davam etdirilir.
 
Birmənalı olaraq bildirirəm ki, onun istintaqa cəlb edilməsində siyasi motiv yoxdur, o, konkret cinayət əməlində şübhəli bilinir" - E.Hacıyev bildirib.

Baxış sayı: 2953 | Tarix: 02.04.2021
Bizi Telegramda izləyin: @repostaz