"Rusiya Müdafiə Nazirliyinin erməni tərəfinə istinadən Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəşin açılması nəticəsində sentyabrın 17-də Şuşa istiqamətində 2 erməni silahlısının yaralanması barədə yaydığı məlumat təəccüb və təəssüf doğurur".
 
RePost.Az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov deyib.
 
"Belə ki, haqqında bəhs olunan hadisə Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndələrinin və Rusiya Federasiyasının Sülhməramlı kontinqentinin rəhbərliyinin birgə iştirakı ilə araşdırılıb.
 
Nəticə etibarilə, qeyd olunan tarixdə və göstərilən istiqamətdə bölmələrimiz tərəfindən hər hansı atəşin açılmadığı təsbit olunub.
Hər iki tərəfin iştirakı ilə araşdırılmış məlumatın sonradan tamamilə əks formada təqdim edilməsi anlaşılan deyildir.
 
Azərbaycan tərəfi üçtərəfli bəyanatın müddəalarına ciddi riayət etməklə ölkəmizin qanunlarına uyğun olaraq bölgədə sabitliyin təmin edilməsi və mümkün təxribatların qarşısının alınması istiqamətində səylərini davam etdirir", - deyə Anar Eyvazov əlavə edib.

Baxış sayı: 2573 | Tarix: 19.09.2021
Bizi Telegramda izləyin: @repostaz