Azərbaycan ilə münasibətlərimiz təkcə qonşuluq münasibətləri deyildir, bizim ürəklərimizin münasibətidir, iki ölkənin xalqlarının ürəkləri bir döyünür.
 
RePost.Az xəbər verir ki, bunu Türkmənistanda Azərbaycan prezidenti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı çərçivəsində baş tutan görüş zamanı İran prezidenti Seyid İbrahim Rəisi bildirib.
 
"Bizim tarix və sivilizasiya birliyimiz vardır. Bütün bunlar bizi daha da möhkəm birləşdirir. Biz heç vaxt imkan verməməliyik ki, digərləri bizim münasibətlərimizə müdaxilə etsinlər. Biz öz məsələlərimizi özümüz həll etməliyik, münasibətlərimizi irəliyə aparmaq, qarşılıqlı faydalı əməkdaşlığı daha da dərinləşdirmək üçün birgə işləməliyik.
 
İndiyə qədər olan təcrübə də bunu göstərir ki, biz həmişə öz məsələlərimizi özümüz müzakirə edəndə onların bir çoxunun həllinə nail olmuşuq və qarşıdakı maneələri dəf etmişik. Mən bunu Sizə dəqiqliklə və əminliklə söyləyirəm ki, Azərbaycanın müstəqilliyini ilk tanıyan və dəstəkləyən ölkələrdən biri İran İslam Respublikası olub.
 
Qarabağ məsələsinə münasibətdə də İran İslam Respublikasının mövqeyi şəffaf və birmənalı idi. İranda İslam inqilabının ali rəhbərindən tutmuş, dövlət strukturlarındakı bütün məmurlarının hamısının mövqeyi bundan ibarət idi ki, Azərbaycannın ərazi bütövlüyünə xələl gətirilməməlidir və Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Biz əminik ki, Azərbaycan baş nazirinin müavininin və Azərbaycan xarici işlər nazirinin iranlı həmkarları ilə apardıqları danışıqlar, müzakirələr ölkələrimizin münasibətlərini daha da dərinləşdirəcək, irəliyə aparacaq və əlaqələrimiz möhkəmlənəcək. Buyurun, biz Sizin xidmətinizdəyik", - deyə Rəisi vurğulayıb.

Baxış sayı: 3143 | Tarix: 29.11.2021
Bizi Telegramda izləyin: @repostaz