Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində Dövlət Gömrük Komitəsinin daha bir yüksək vəzifəli əməkdaşı saxlanılıb.
 
Söhbət qurumun Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi general-mayor Məsum Rəsulovdan gedir.
 
Qeyd edək ki, adıçəkilən general 2006-cı ildə Dövlət Gömrük Komitəsində işə başlayıb. Onun qurumda ilk vəzifəsi Gömrük Sahəsində Hüquqpozmalara qarşı mübarizə Baş idarəsi Əməliyyat İdarəsinin rəisi olub.

Rəsulov Məsum Eynalı oğlu 1974-cü ilin iyun ayının 21-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan olub.
 
1990-cı ildə orta məktəbi bitirib və 1992-cı ildə Babək rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb, 1996-cı ildə ordu sıralarından tərxis olunub.
 
1 sentyabr 1997-ci ildə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olaraq 2002-ci ildə oranı hüquqşünas ixtisası üzrə bitirib.
 
26 iyun 1998-ci ildə Naxçıvan MR Milli Təhlükəsizlik Nazirliyində xidmətə qəbul olunub. 2006-ci ilin iyun-sentyabr aylarında Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində xidmətdə olib.
 
9 sentyabr 2006-cı ildə Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara qarşı mübarizə Baş idarəsi Əməliyyat İdarəsinin rəisi kimi fəaliyyətə başlayıb.
 
29 may 2018-ci il tarixindən Gömrük Sahəsində Hüquqpozmalara qarşı mübarizə Baş idarəsinin rəisi vəzifəsində çalışıb. Son vaxtlar isə Gömrük Komitəsində Əməliyyat-istintaq Baş İdarəsinin rəisi vəzifəsində işləyirdi.
 
Azərbaycan Prezidentinin 26 yanvar 2010-ci il tarixli sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə, Dövlət Gömrük Komitəsi sədrinin 30.01.2012-ci il tarixli əmri ilə "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992-2012)" yubiley medalı, 30.01.2017-ci il tarixli əmri ilə "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)" yubiley medalı ilə və Azərbaycan Prezidentinin 29.01.2018-ci il tarixli sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
 
Ailəlidir. Dörd övladı var.
 
Əlavə edək ki, son günlərdə DGK-nin bir neçə məmuru ayrı-ayrı vaxtlarda keçirilən əməliyyatlar nəticəsində saxlanılıb. Bunlar arasında Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev, Yol Vergiləri şöbəsinin rəis müavini Şükür Səfərov, “Azərterminalkompleks” birliyinin rəisi, gömrük general-mayoru Ehtiram Xəlilov da var.

 

Baxış sayı: 5385 | Tarix: 15.07.2022
Bizi Telegramda izləyin: @repostaz