Allah Əbülfəz bəyə rəhmət eləsin. Nəyinki o, heç Heydər Əliyev də heç vaxt inanmazdı ki, vaxt gələcək İlham Əliyev Türk Birliyi üçün bu qədər işlər görəcək. Əlbəttə, İlham Əliyev türkçü deyil, heç vaxt da olmayıb. Bəs nədən Türk Dünyasının bir araya gəlməsi üçün sinəsini qabağa verib? Səbəb çox sadədir. Türk Birliyi həm siyasi, həm də iqtisadi baxımdan son dərəcə səmərəlidir. Türk dövlətlərinin sürətli inkişafına ciddi imkanlar yardır. Praqmatik siyasətçi kimi İlham Əliyev xəyali yox, real bir şeyin dalınca gedir...
 
Heç şübhəsiz ki, Türk Birliyi üçün Tayyib Ərdoğanın gördüyü işlərin miqyası daha böyükdür. Bu da Türkiyənin daha güclü dövlət olmasına bağlıdır. O da sirr deyil ki, cənab Ərdoğan da türkçü deyil. O, inanclı bir müsəlmandır. Heç də təsadüfi deyil ki, iqtidarda olduğu ilk illərdə İslami Birlik məfkurəsi ilə müsəlman dövlətləri arasında anlaşma və yaxınlaşma əldə etmək üçün xeyli əziyyət çəkməli oldu. Ancaq nəticəyə vara bilmədi. Çünki Qərb müsəlman ölkələrinin bir araya gəlməsin imkan vermədi. 
 
Həm də Türk Birliyi təbii bir prosesdir. Bu elə bir ideyadır ki, bütün türk xalqalrı, istər aydınları olsun, istərsə də sıradan insanları bu ideyaya dəstək verirlər. Yəni bu düşüncə türklərin qəlbində yaşamış və formalaşmış bir ideyadır...
 
Orta Asiyanın türk dövlətlərində də mənzərə eynidir. Həmin ölkələrin rəhbərləri də Türk Birliyi üçün real işlər görürlər. Və onların heç biri türkçü-turançı  deyil. Dediyim kimi, Türk Birliyi bütün parametrlər baxımından türk xalqarına böyük üstünlüklər verir. Ona görə də bu ideyanın cazibə qüvvəsi getdikcə artır. Xüsusən gənclər arasında bu düşüncə sürətlə yayılır...
 
Mən ona da əminəm ki, "Bir olacağız, iri olacağız, diri olacağız, kardeş olacağız!" Hacıbektaş-ı Velidən gələn bu fikir Türk Birliyinin alt yapısı üçün ciddi özül olacaq...
 
Avropa Birliyində kifayət qədər fərqli ölkələr bir araya gəlib. Aydındır ki, dili,dini, tarixi, gələnəyi bir olan xalqların birliyi daha səmimi və təbii olacaq...
 
Türk Birliyinə qarşı çıxan bəzi mərkəzlər var. Yabançıların dəstəyinə sığınanlar ortaya belə bir arqument atırlar ki, Türk Dövlətlərinə əsasən dikatorlar rəhbərlik edir. Yəni Türk Birliyi əslində diktatorlar birliyi olacaq və.s. Kökündən yanlış fikirdir. Türk Birliyi ən ali insani dəyərlərə söykənəcək. Məncə, biz Qərb demokratiyasından daha üstün bir siyasi və iqtisadi mexanizm yarada bilərik və yaratmalıyıq. Biz türk olaraq öz sistemimizi yaratmasaq, yadlara məxsus düşüncələrə söykənərək yaşamaq istəsək, həmişə yabançı təsiri və təzyiqi altında olacağıq. 
Şübhəsiz ki, Qərb demokratiyasının müsbət cəhətlərindən yararlanmaq lazımdır. Ancaq Qərb dəyərləri kimi bizə də sırımağa çalışdıqları bir çox şeyləri rədd etmək gərəkir. Məsələn, eyni cinsdən olan şəxslərin rəsmən evlənməsi heç vaxt insani dəyər sayıla bilməz. Bu, ailə dəyərlərinə daban-dabana ziddir. Və Allahın iradəsinə qarşı üsyandır. Tanrısını sevən türk Qərb dəyərləri arasında süni şəkildə önə çıxarılmış bu kimi yaramazlıqları qəbul edə bilməz. Etməməlidir...
 
Bütün yollar Turana aparır. Hələ uzaq 1993-cü ilin aprelində Allahın rəhmətinə qovuşan  Turqut Özal deyirdi ki, XXI əsr türk əsri olacaq. Heç Turqut Özal da türkçü-turançı deyildi. Ancaq iqtisadiyyatı gözəl bilirdi. İqtisadi prizmadan baxanda isə Turan son dərəcə cazibədar görünürdü...
 
Yeri gəlmişkən, bir şeyi də deyim. Turqut Özal Qırğızıstana səfərə gələndə Hava Limanında uçaqdan enir və yeri öpür. Deyir ki, Türkiyə mənim, Qırğızıstan isə mənim ulu babalarımın vətənidir. 
 
Sözümün canı o ki, Türkiyənin türk xalqlarına münasibəti Rusiyanın slavyan xalqlarına münasibətindən ciddi şəkildə fərqlənir. Nəticə odur ki, slavyanlar bir-birini qırır, türklər isə bir olmaq üçün bir-birinə qucaq açıblar.
 
Tanrı türkə yar olsun...

Baxış sayı: 5100 | Tarix: 15.10.2022
Bizi Telegramda izləyin: @repostaz