“Tarixi torpağımız olan Qərbi Zəngəzurun 1920-ci ilin noyabr ayında sovet hökumətinin qərarı ilə Azərbaycandan ayrılıb Ermənistana verilməsi Türk dünyasının coğrafi cəhətdən ayrılmasına səbəb olmuşdur".
 
RePost.Az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Ankarada keçirilən Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyev deyib. 
 
"1991-ci ilə qədər bütün azərbaycanlılar indiki Ermənistan ərazisindən zorla qovulmuşdur. Ermənistan Qarabağda və Şərqi Zəngəzurda olduğu kimi, indiki Ermənistan ərazisində, yəni, Qərbi Azərbaycanda da mədəni irsimizi, məscidləri, tarixi abidələrimizi dağıtmışdır. Azərbaycan ictimaiyyəti dəfələrlə UNESCO-ya indiki Ermənistanda Azərbaycan xalqının mədəni irsinin monitorinq edilməsi məqsədilə bu ölkəyə faktaraşdırıcı missiyanın göndərilməsi xahişi ilə müraciət etmişdir və UNESCO-dan müsbət cavab gözləyir.
 
Qərbi Azərbaycanda etnik təmizləməyə məruz qalan həmvətənlərimiz indi Qərbi Azərbaycan İcmasında birləşiblər. Onlar tarixi torpaqlara sülh yolu ilə qayıdışı qarşılarına məqsəd qoyublar. Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasına əsasən, indiki Ermənistan ərazisindən zorla deportasiya olunmuş azərbaycanlıların öz yurdlarına qayıdışı üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma əldə edilməlidir. 
 
Biz Azərbaycan dövləti olaraq Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyini təmin edəcəyimiz kimi, Ermənistan da qarşılılıq prinsipi əsasında Qərbi azərbaycanlıların hüquq və təhlükəsizliyini təmin etməlidir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Baxış sayı: 6791 | Tarix: 16.03.2023
Bizi Telegramda izləyin: @repostaz