Türk Dövlətləri Təşkilatının Ankarada keçirilən Zirvə görüşünün nəticələrinə dair liderlərin birgə bəyannaməsi yayılıb.
 
16 bənddən ibarət Ankara Bəyannaməsində Zirvə görüşünün TDT üçün faydalı olacağı vurğulanıb.
 
Türkiyənin cənub-şərqində baş verən zəlzələ bəyannamədə geniş yer alıb, liderlər zəlzələlərdən sonra bərpa işlərində Türkiyə xalqı və hökuməti ilə həmrəy olduqlarını ifadə ediblər.
 
Bundan əlavə, onlar təşkilata üzv və müşahidəçi olan dövlətlər, eləcə də dünyanın hər yerindən gələn axtarış-xilasetmə qruplarının işlərini yüksək qiymətləndirib.
 
TDT liderləri Qazaxıstan, Türkmənistan və Türkiyədə qarşıdan gələn parlament və prezident seçkilərinin, Özbəkistanda keçirilən referendumun uğurla nəticələnəcəyinə əminliklərini bir daha təsdiq ediblər.
 
Onlar, həmçinin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Türk Dünyasının birlik və həmrəyliyinə, təhlükəsizliyinə və rifahına güclü və qalıcı töhfələrinə, birlik ruhunun gücləndirilməsində güclü liderliyinə görə minnətdarlıqlarını bildirib, qarşıdan gələn seçkilərdə ona uğurlar arzulayıblar.
 
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə görüşünün 2023-cü ilin oktyabrında Qazaxıstan Respublikasının Türküstan şəhərində keçiriləcəyinə dair qərar verilir.

Baxış sayı: 7798 | Tarix: 16.03.2023
Bizi Telegramda izləyin: @repostaz