Dünən günorta saatlarında Bakının Əmircan qəsəbəsində Balandin küçəsi 40 ünvanının qarşısında "Qarabağ" klubunun qapıçısı Emil Balayevin idarə etdiyi "BMW X5" ilə "Mercedes"in toqquşması faktı üzrə cinayət işi açılıb.
 
RePost.Az Lent.az-a istinadən xəbər verir ki, 6 aylıq körpənin ölümü, onun valideynlərinin isə xəsarət alması ilə nəticələnən hadisə ilə bağlı Suraxanı rayon Polis İdarəsində cinayət məcəlləsinin 263.2-ci maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.
 
Qəzada iştirak etmiş "BMW"ni idarə edən futbolçu Emil Balayevin atası Nazim Balayev açıqlamasında bildirib ki, hadisəyə qanun çərçivəsində qiymət veriləcək: "Hadisə Emil məşqə gedərkən, "Qarabağ"ın stadionuna təxminən 500 metr qalmış baş verib. Emilin maşınının tini həmin avtomobilə arxadan dəyib. O da sürüşərək ağaca çırpılıb. Bu zaman arxa oturacaqda oturmuş qadının qucağındakı uşaq əlindən çıxıb. Emil özü dərhal təcili tibbi yardım çağırıb, bütün köməklikləri göstərib. Uşağı birgə xəstəxanaya aparıblar. Qəzadır, burda heç bir qəsd, pis niyyət olmayıb, hər kəsin başına gələ bilər. Fakta görə qanuna müvafiq qərar qəbul ediləcək, Ekspertizalar təyin ediləcək".
 
Futbolçunun atası əlavə edib ki, zərərçəkən şəxslərlə əlaqə saxlayıb və bir azdan yenidən onlara baş çəkəcək: "Onlar da çox anlayışlı, yaxşı insanlardır. Şikayətçi olmadıqlarını bildirdilər, hər kəsə məlumdur ki, bu, arzulanmayan bir qəzadır".
 
RePost.Az

Baxış sayı: 3694 | Tarix: 08.12.2016
Bizi Telegramda izləyin: @repostaz