Ötən gün keçmiş vitse-spiker, hazırda Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edən Adil Əliyevə töhmət verilməsi geniş müzakirələrə səbəb olub.
RePost.Az-ın məlumatına görə, icra başçısına rayonda rəhbərliyə başladıqdan sonra qanunsuz tikililərin sürətlə artması, həmçinin rayon tabeliyində olan qəsəbələrdə sanitar təmizliyin zəif təşkili, məişət tullantılarının vaxtında daşınmaması ilə bağlı iradlar bildirilib.
“Atalar demişkən, dəmiri isti-isti döyərlər.” Rayon sakinlərinin RePost.Az-a verdikləri məlumata əsasən, Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədən iki gün keçməsinə baxmayaraq, rayonun əsas qəsəbə və kəndlərində mövcud nöqsanların aradan qaldırılması istiqamətində ciddi addımlar atılmayıb. Qanunsuz tikililər davam edir, küçə və prospektlərdə antisanitariya halları isə qalmaqdadır.
Redaksiyamıza daxil olan digər məlumata görə, qanunsuz tikililərin qarşısının alınmamasının əsas səbəblərindən biri korrupsiya halları ilə əlaqələndirilir. Tikinti ilə məşğul olan bəzi fiziki şəxslərin iddiasına görə, rayon ərazisində iki mərtəbəli evin tikintisinə qeyri-rəsmi icazənin alınması üçün təxminən 20 min manat, birmərtəbəli tikili üçün isə 10–15 min manat civarında vəsait tələb olunur.
Bundan başqa, sakinlər bildirirlər ki, Adil Əliyevin rayon rəhbəri təyin olunmasından sonra genişmiqyaslı abadlıq işləri aparılmayıb. Onların sözlərinə görə, əvvəlki rəhbərlik dövrü ilə müqayisədə rayonun bir sıra ərazilərində baxımsızlıq artıb. Qəsəbə və kəndlərdəki parklar, istirahət və əyləncə məkanları diqqətsizlik səbəbindən yararsız vəziyyətə düşüb.
Sakinlərin iddiasına əsasən, əvvəlki icra başçısı Əziz Əzizovun fəaliyyəti dövründə rayonda bir sıra infrastruktur layihələri həyata keçirilib, yollar asfaltlanıb, küçə və prospektlər işıqlandırılıb, həmçinin qəsəbə və kənd qəbiristanlıqlarında abadlıq işləri görülüb. Şəhid və qazi ailələrinə, müharibə veteranlarına xüsusi diqqət göstərildiyi bildirilir. Həmçinin 60-dan çox şəhidin adının əbədiləşdirildiyi və onların xatirəsinə bulaqlar inşa olunduğu qeyd olunur.
Sakinlər deyirlər ki, əvvəlki dövrdə vətəndaşların icra başçısı ilə görüş imkanları daha əlçatan idi. Onların sözlərinə görə, hazırda isə vətəndaşların qəbul məsələsində müəyyən çətinliklər yaşanır və hər kəs üçün bərabər şərait yaradılmadığı iddia olunur.
Qeyd edək ki, töhmət alan icra başçısı Adil Əliyev mövcud çatışmazlıqların bir ay ərzində aradan qaldırılacağına söz verib. Ümid edilir ki, təkcə tikinti və sanitar təmizliklə bağlı deyil, sakinləri narahat edən digər problemlərlə bağlı da yaxın zamanda konkret nəticələr əldə olunacaq.