Ucu bucağı görünməyən bir sahə. Qırağı hündür "setkalarla" qapalı bir ərazi. Çox nazik ot örtüyü (qapı ağzında və digər bəzi yerlərdə ot yoxdur) və otun üzərində hər beş metrdən bir rast gəlinən inəy peyini...

Söhbət Yardımlı rayon mərkəzi stadionundan gedir...

Yadımdadır mənim 6 yaşım var idi. Stadion prezident İlham Əliyevin göstərişilə təmir olunmuşdu. Gözəl nəzarət var idi. Ot örtüyü hər gün müntəzəm sulanırdı, təmizlənirdi. Elə buna görə də, valehedici bir görüntü yaranmışdı. Lakin sonralar nəzarət zəiflədi, yavaş-yavaş yox oldu və beləliklə bizim mərkəzi stadion indiki bərbad vəziyyətə düşdü.

Hazırda Yardımlı stadionu acınacaqlı durumdadır. Yaşıl meydança futbolçulardan çox inəkləri qonaq edir. Evləri buraya yaxın olan sakinlər stadiondan ''örüş'' kimi istifadə edir, ''özgə malı can dərmanı'' deyib rahatlanırlar.

Bizim bədbəxtçiliyimiz elə ondadır ki, stadionu stadiondan başqa hər cür istifadə edirik. Yay aylarında kimisi yastıq gətirib uzanır, kimisi somavar çayı dəmləyib, qonşularına ''qonaqlıq'' verir, kimisi də qoyun və inəkləri ora ötürür.

Anlamaq lazımdır ki, Azərbaycanda futbolun inkişafdan qalmasına belə sakinlər şərait yaradır. Hələ bu stadionda hər il Gənclər İdman şöbəsinin ''dəstəy''i ilə yay aylarında kəndlər arası rayon çempionatı keçirilir. Ənənəvi hal almış bu çempionat zamanı stadionda bitmiş eşşəkqanqalları, gicitkənlər, alaq otları təmizlənir, təbaşir və yaxud talaşa tozları ilə xətlənir və ''qəşəng" bir stadiona çevrilir.
Qapıların pas bağlamış yerləri boyanır və tor keçirilir ki, qısa müddət ərzində oyun oynamağa şərait yaransın. Çempionat bitdikdən dərhal sonra meydança yenidən əvvəlki halına dönür, yenidən inəklərin istifadəsinə verilir. (İnəklərin günahını almayım, qoyunlar və toyuqlar da olur)

Ot örtüyü bir yana 2200 nəfərlik azarkeşlərin oturması üçün tribunadan danışım. Deməli, hər bir azarkeş mütləq özü bir karton gətirməlidir ki betonun, sementin tozu paltarına batmasın. Çünki oturacaqlar yoxdur. Bəli, yiyəsiz məkanın oturacaqları da vaxt aşırı bura yaxın olan fürsətbaz qonşular tərəfindən sui istifadə olunur, bir növ mənimsənilir. Tribunanın tutacaq dəmirlərinin bəziləri yerində yoxdur. Bəli, bu o deməkdir ki, azyaşlı uşaqların oradan yıxılması gözləniləndir. Nəyinki azyaşlılar, böyük insanların belə müvazinətini itirdiyi təqdirdə oradan ''uçması'' təbii haldır.

Deməli bu meydança həm də təhlükə mənbəyidir. Bəli mən mərkəzi stadiondan danışırdım. Nəyinki standartlara uyğun, heç stadion halında olmayan bu qorxunc sahə, məncə təkcə məni dəhşətə salmır. Bundan rayon əhalisi, buranın daimi sakinləri (buynuzluları demirəm) də narazıdır. Aidiyyəti qurumlara aidiyyəti olmayan məsələlərdənsə, bu problem ilə maraqlansalar yaxşıdır.

RePost.Az


Mənbə: Ameganews.com


Baxış sayı: 3257 | Tarix: 29.03.2017
Bizi Telegramda izləyin: @repostaz