Rusiya Ermənistan vasitəsilə NATO-nun Cənubi Qafqazda maraqlarını təşviq etmək cəhdlərini qeydə alır.
 
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu MDB Xarici İşlər Nazirləri Şurasının Bişkekdə keçirilən iclasının yekunlarına dair mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
 
Onun sözlərinə görə, Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin güclənməsi həlledici dərəcədə süni xarakter daşıyır.
 
“Biz Ermənistanda son illər yaradılan qeyri-hökumət təşkilatlarının sayı haqqında bilirik. Bəli, əvvəllər də onlar az deyildi. Bu təşkilatlar Ermənistan və Rusiya Federasiyası arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi məqsədi ilə yaradılmır. Tam əksinə - onlar anti-Rusiya əhval-ruhiyyəsi üçün zəmin yaratmağa və Ermənistan vasitəsilə ABŞ, Aİ ölkələri və NATO-nun bu regionda maraqlarının təşviqinə istiqamətləniblər ”, - Lavrov qeyd edib.
 
Nazir əlavə edib ki, bu cəhdlər müəyyən nəticələr verir, lakin Rusiya dərindən əmindir ki, erməni xalqının böyük əksəriyyəti Rusiya Federasiyası ilə ənənəvi qardaşlıq münasibətlərinin inkişafında maraqlıdır.
 
Eyni zamanda, Lavrov Ermənistanın Baş naziri Nikol Paşinyanın bu yaxınlarda verdiyi müsahibəyə diqqət çəkib, hansı ki, həmin müsahibədə Paşinyan Ermənistanın öz istiqamətlərini dəyişmədiyini bəyan edib.
 
“Moskva ümid edir ki, İrəvanı başqa istiqamətə çəkmək cəhdlərinə baxmayaraq, bu mövqe qalib gələcək”, - Rusiya XİN başçısı vurğulayıb.

Baxış sayı: 7266 | Tarix: 12.10.2023
Bizi Telegramda izləyin: @repostaz