Futbol üzrə Türkiyə "Trendyol Super Liqası"nın 15-ci həftəsində keçirilən "Ankaragücü" "Çaykur Rizespor" matçından sonra meydanda hakim Halil Umut Melər döyülüb.
 
Bu barədə "Milliyet" məlumat yayıb.
 
Oyunda ədalət təmsilçisini "Ankaragücü" klubunun prezidenti Faruk Koca döyüb.
 
Bu hücumdan sonra TFF İdarə Heyəti növbədənkənar iclas keçirib.
 
Ədliyyə naziri Yılmaz Tunç hadisə haqqında məhkəmə istintaqının başladığını açıqlayıb.
 
İstintaq çərçivəsində 3 şübhəli nəzarətə alınarkən, Daxili İşlər Naziri Ali Yerlikaya "Ankaragücü" prezidenti Faruk Kocanın xəstəxanada müalicə olunduğunu və müalicəsinin ardından onun saxlanılması əməliyyatlarının aparılacağını açıqlayıb.
 
Qeyd edək ki, qarşılaşmanın baş hakimi Halil Umut Meler matçın 50-ci dəqiqəsində "Ankaragücü" klubunun futbolçusu Ali Souenə ikinci sarı vərəqə göstərərək meydandan kənarlaşdırıb. Bu qərar azarkeşlərin böyük reaksiyasına səbəb olub.
 
"Ankaragücü" klubunun baş məşqçisi Emre Belözoğlu oyundan sonra "Çox üzr istəyirəm, başqa bir şey demək istəmirəm" deyə açıqlama verib.
 
"Çaykur Rizespor"un baş məşqçisi İlhan Palut əlavə olunan dəqiqələrdə bir xal qazandıqlarını bildirib və "Ankaragücü"nə uğurlar arzulayıb.

Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi bildirib ki, hakim Halil Umut Melərin döyülməsinə görə bütün oyunlar qeyri-müəyyən vaxtadək təxirə salınıb.
 
"Hörmətli hakimimiz Halil Umut Melərə belə hücum edilməsi bizi çox kədərləndirdi. Buna səbəb olan klublar və menecerlər: Biz nə etdik? Bu hücumu qınayır və lənətləyirik. Ümid edirik ki, qanun qarşısında cavab verəcəklər. Ümid edirik ki, ədalət yerini tapacaq", - deyə TFF prezidenti bildirib.
 
Mehmet Büyükekşi deyib ki, bu xain hücum təkcə hakimə deyil bütün türk futboluna qarşı edilən hərəkətdir.
 
"Hakimləri hədəf alan hər kəs bu cinayətin ortağıdır. Klub və onun idarəçiləri ən ağır şəkildə cəzalandırılacaq", - deyə o qeyd edib.
 
"Ankaragücü" 1:1 "Çaykur Rizespor"
 
Stadion: Eryaman
 
Qollar: Olimpiu Morutan 14, Adolfo Gaich 90+7

Baxış sayı: 12510 | Tarix: 12.12.2023
Bizi Telegramda izləyin: @repostaz