Bildiyimiz kimi beynimiz böyük yaradıcı gücə malikdir. Bu unikal yaradılış möcüzəsi arzularımızı həyata keçirmək üçün bizim ən böyük köməkçimizdir. İnsanların çoxunun ya bu unikal imkanlardan xəbəri yoxdur ya da bu gücün çox az qismini işlədirlər. Bütün bunların fonunda isə əfsuslar olsun ki, həyatlarında da heç nə qaydasında getmir, fizioloji və psixoloji problemlər getdikcə özünü daha da qabarıq büruzə verməyə başlayır. Haqlı olaraq sual meydana gəlir. Mən daha nə edə bilərəm? Özünün çox şeyi dəyişə biləcəyinə inananadək insanın həyatı belə də davam edir. Əslində, bilmirlər ki, nəinki düşdükləri çətin vəziyyətdən çıxmaq, hətta həyatlarını ən üst vəziyyətə belə çıxara bilmək öz əllərindədir. Bunun üçün nə etmək lazımdır? İndiyədək qiymətləndirə bilmədikləri, bəlkə də varlığından belə xəbərsiz olduqları gücü üzə çıxarmaq, bu sərhədsiz gücü anlamaq və tətbiq etməklə böyük uğurlar əldə etmək mümkündür. Yenə sual oluna bilər: haqqında söhbət gedən güc haradadır, nədən ibarətdir və necə üzə çıxarmalı?

21-ci əsrdə belə insan beyni tam tədqiq olunmamış, bir çox sirlər hələ də qapalı olaraq qalır. Doğulduğumuz gündən bəri işlətməyi bacardığımızı, düşündüyümüz beynimizi yenidən öyrənmək olarmı? Bəzən istədiyimiz nəticələr niyə alınmır? Bu ona görə olur ki, illərlə çirklənmiş psixikamız keçmişdə alışdığı fikir axınından asanlıqla əl çəkə bilmir. Düzgün düşünmək uğurun əsas sirridir. Aparılan tədqiqatlar artıq təsdiq etmişdir ki, fikir hara yönəlirsə, bizim bioloji enerjimiz də ora yönəlir. Yəni müsbət yaxud mənfi kimi dəyərləndirməyimizdən asılı olmayaraq, düşüncələrimiz bizi müəyyən nəticələrə aparır. Bunu hamının şahidi olduğu bir misalla təsdiqləmək olar. Məsələn, fiziki ağrı halında ağrını düşündükcə ağrı azalmır, əksinə, hər hansı maraqlı bir işlə məşğul olanda, baş qarışanda sanki ağrılar dayanır, nəticə etibarilə ağrını unuduruq. Qeyd etdiyimiz kimi insan beyni mürəkkəb və unikal quruluşa malikdir. Keçmişdə baş vermiş hər hansı travmatik hadisənin hər gün təkrarlanmamasına baxmayaraq, o hadisənin xatirəsi insana ömür boyu əziyyət verə bilir. Bu təsdiq edir ki, xatirələr və onların yenidən xatırlanması o andakı emosional vəziyyəti təkrar-təkrar yaşamağa səbəb olur. Müasir praktik psixologiyanın qollarından biri olan neyro lanqvistik proqramlama (nlp) da bu qəbildəndir. Məsələn, uşaq vaxtı oxuduğumuz sinifə daxil olanda yaxud müəllimlərimizlə qarşılaşanda uşaqlıqla və məktəblə bağlı xatirələrimiz sürətlə beynimizdən keçə bilir, həm də bir neçə xatirə ard-arda. Bu eyni zamanda uşaqlıqda oynatdığımız oyuncağı əlimizə aldığımız, yaxud bənzərini gördüyümüz zaman da baş verə bilir. Hər hansı səsi, yaxud mahnını dinlədiyimiz zaman da eyni emosional vəziyyətə qayıda bilirik. Bu keçici, qısa müddətli, yaxud qalıcı ola bilir. Qeyd etdiyimiz kimi, bu hal həm neqativ, həm də pozitiv xatirələrə aiddir. Bu möcüzəvi prosesin həm müsbət, həm də mənfi tərəfləri var. Alimlər və tanınmış psixoloqlar bu sahədə uzun illər tədqiqatlar apararaq bu prosesi idarə etməyin yollarını öyrənmişlər. İvan Petroviç Pavlov, Milton Erikson, Virdjinya Satir və dünyada tanınmış bir çox psixoloqlar təcrübələr və praktik işləri ilə bu psixoloji vəziyyəti idarə edərək parlaq nəticələr almağın mümkün olduğunu ortaya çıxarmışlar. Günümüzdə belə üsullar çoxdur. Məsələn, gipnoz, nlp, autotreninq, meditasiya və sairə. Sevindirici haldır ki, insanın öz beynini, düşüncə axınını idarə edə bilməsi yalnız ikinci şəxslərin köməyi ilə olmur. Hər kəs bunu özü edə bilər. Təbii ki, müəyyən biliklərə və pozitiv düşüncəyə malik olduğu halda.

Məsələnin bir az çətin tərəfi odur ki, bu dediklərimizə sahib olmaq üçün də müəyyən potensiala malik olmaq vacibdir. Qeyd etmək lazımdır ki, bu yolda çəkilən əziyyət və səylər qat-qat böyük mükafat şəklində özümüzə qayıdacaq. Təsəvvür edin ki, sağlamlığımızı qorumaq, itirilmiş sağlamlığı qaytarmaq, öhdəmizdə olan həyatı mənalı və canlı yaşamaq, işdə nailiyyətlər qazanmaq, xoşbəxt ailəyə sahib olmaq və sairə kimi uğurları əldə etmək üçün hər zaman yanımızda istəklərimizi yerinə yetirən, bizə daima insan olduğumuzu xatırladan bir köməkçimiz var. Məncə, hamının sahib olmaq istədiyi bir köməkçidir. Əlavə etmək lazımdır ki, ətraf aləmdə baş verənlər ilk öncə bizim daxilimizdə, beynimizdə baş verir. Yəni insan özü öz reallığını yaradır. Müdriklərin bir kəlamı yerinə düşür: Fikirlərin nədirsə, sən osan. Atalar sözlərimizdə bu haqda çoxlu misallar var: Niyyətin hara, mənzilin ora. Məsələ burasındadır ki, hər hansı fikir beyində təkrarlandıqca şüur altında özünə yer edir və həyata keçməyə can atır. Hələ də tam öyrənilməmiş fenomenlərdən sayılan telepatiya dediklərimizin başqa bir istiqamətdəki təzahürüdür. Dünyanın ən güclü silahı olan beynimizi idarə etməyi öyrənmək, öz həyatımızı idarə etməyi öyrənmək deməkdir. Əslində, istedadsız insan yoxdur. Sadəcə olaraq yatmış vəziyyətdə olan gizli potensialımızı oyatmaq lazımdır. Beynimiz bizi idarə edir, lakin biz də beynimizi idarə edə bilərik. Bu bacarıq önümüzdə geniş imkanlar açır və bu həyatımıza daha yeni, parlaq yeniliklər gətirir. Bütün bunları etmək üçün sağ yarımkürəni oyatmaq lazımdır. Bu heç də çətin deyil, sadəcə yaranışından bu yana sivilizasiyanın inkişafı insanı məntiqlə düşünməyə alışdırdı. Bu pis, yaxud yaxşı deyil, sadəcə faktdır. Təsəvvür edin ki, qədim insan yalnız məntiqlə hərəkət etmiş olsaydı, instinktiv hərəkət etməsəydi, vəhşi təbiətdə məhv olardı. Xatirinizdədirsə, nağıllarımızda, əfsanə və rəvayətlərimizdə qəhrəmanların, personajların, heyvanların dilini başa düşməyi, təbii hadisələrlə ünsiyyət qurmağı və s. kimi epizodlara rast gəlinir. Hələ də Amerikanın yerli əhalisi olan hindu qəbilələrində şamanizm inancları mövcuddur və əcdadları kimi təbiətlə ünsiyyət qurub vəhdətdə yaşayanlar var. Bunlar müasir şamanlardır. Bunları qeyd etməkdə məqsədimiz şamanın əslində hansısa fövqəl qüvvələrlə yox, yalnız öz beynilə əlaqə yaradaraq hadisələrə təsir göstərə biləcəyi qənaətində olduğumuzdur. Ümumiyyətlə, bu hamıya məlumdur ki, xoş xatirələri xatırlayarkən insanın emosional vəziyyəti dəyişir, eyni hal xoş olmayan, unudulmaq istəyən hadisələrin xatırlanması zamanı da baş verir. Bu emosional vəziyyəti şüurlu halda dəyişmək mümkündür. Bu həm də gələcəkdə yaşana biləcək hadisələrə də aiddir. Məsələn, çox vaxt reallıqla arzularımız üst-üstə düşmür. Hətta insanların çoxuna oxşar suallarla müraciət etdikdə aydın olur ki, heç bir kənar təsir olmadan belə insan gələcəyi haqda daha pozitiv düşünməkçün özünə icazə vermir. Maraqlıdır deyilmi? Təsəvvür edin ki, qazana biləcəyi böyük uğurlara aid fikirləri və arzuları ilk növbədə insanın özü öz daxilində bloklayır. Cavab həmişə eynidir: Axı bu necə ola bilər? Axı bu mümkün görünmür. Əslində, öz fikir axınını idarə etməyi bacaran insan:

1. Öz həyatını düzgün proqramlaşdırıb xoşagəlməz davranışlardan uzaq ola bilər.

2. Qarşısına qoyduğu məqsədə asanlıqla nail olar.

3. Keçmişdəki səhvlərini düzəldib bu gününü və gələcəyini daha gözəl və rahat yaşayar.

4. Özünə inamı bərpa edər.

5. Sağlam həyata nail olar.

6. Ətraf aləmlə daha harmonik əlaqələr qurar.

7. Həmişə və hər işdə düzgün qərarlar verər.

8. İş və təhsildə uğurlar qazanar.

9. Şəxsi həyatını qaydada saxlayar.

10. Özünü inkişaf etdirər.

Sizcə də daha cəzbedici bir yaşam proqramı deyilmi? Bütün insanların beyni böyük potensiala malik mürəkkəb bir sistemdir. Sadəcə düzgün istifadə edildikdə bu böyük gücün potensiallarını qismən də olsa açmaq və yararlanmaq mümkündür. Mahiyyət etibarı ilə buna nail olmaq, sağlam həyat tərzi və böyük uğurlara nail olmaq deməkdir. Tarix boyu elm və incəsənət sahəsindəki dahi şəxsiyyətlər beyinlərini maksimum güclə işlətmişlər. Misal üçün Albert Eynşteyn, Tomas Edisson, Leonardo Da Vinçi, Milton Erikson. Bu yaradıcılıq ugurları əldə etmək və yeniliklər, kəşflər etmək üçün yeganə yoldur. Öz beynini idarə etmək təbiət tərəfindən insana verilmiş təbii haldır. Elə insanlar var ki, avtomatik olaraq beyinləri digər iş rejiminə keçir. Bu dediyimiz iş rejimində təxəyyül daha aktiv işləməyə başlayır ki, bu da yaradıcılıq və intuisiyanı tətikləyir. Bunlar, əsasən rəssamlar və musiqiçilərdir. Təbii ki, ciddi elmlərdə belə bu aktivlik olmadan böyük uğurlardan söhbət gedə bilməz. Planetimizdə baş verən bütün proseslər və bu proseslərin təzahürləri kimi gizli bir ritmə sahibdirlər. İşıq dalğalarının və səslərin də müəyyən ritmləri var. Spektorun hər bir rəngi, hətta ürəyimiz belə özünəməxsus ritmə malikdir. Son dövrlərdə alimlər müəyyən etmişdirlər ki, beyin aktivliyi də öz ritminə malikdir və bunu ölçmək mümkündür. Bu ritmlər insanın yatmış, yaxud gümrahlıq halında olmasından, habelə xəstə, yaxud sağlam olmasından asılı olaraq dəyişir. Bu ritmlərdə insanın bütün arzu və istəkləri, stresi, həyəcanı əks olunur. Qısaca desək, bu ritmlər insanın hal-hazırda olduğu vəziyyətin məhsuludur. Sizcə də beynimizi şüurlu şəkildə idarə etmək daha yaxşı olmazmı? Bütün dalğalar öz təbiətlərinə görə müəyyən tezlik titrəyişlərinə malikdirlər. Eyni ilə elektromaqnit titrəşimlərdə olduğu kimi beyin dalğaları bir saniyə ərzində müəyyən dövrlə irəli və geri hərəkət edərək təkrarlanırlar. Saniyə ərzindəki bu dövriyyədə beyin aktivliyi dalğalarının sayı məhz beyin aktivliyini göstərərək hazırda hansı ritmlə hərəkət etdiyini müəyyənləşdirir. Titrəşim tezliyindən asılı olaraq, bu dalğalar dörd əsas kateqoriyaya ayrılır: Alfa ritm, betta ritm, teta ritm və delta ritm.

Çingiz Babayev


Baxış sayı: 7090