Muay-Tay Federasiyasının prezidenti Araz Musayevin Türkiyənin Antalya şəhərində bıçaqlanması ilə bağlı Türkiyə hüquq-mühafizə orqanları araşdırma apardığı halda, Azərbaycandakı bəzi media orqanlarının hadisəni şübhəli şəkildə tamamilə fərqli istiqamətə yönəltməyə çalışdığı müşahidə olunur.
 
Söhbət Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin adının süni şəkildə Araz Musayevin bıçaqlanması hadisəsinə cəlb olunmasından gedir. Türkiyə polisi görünür ki, Araz Musayevin şikayəti əsasında Azər Həsənsoy və Elşən Abdulrəhimovu saxlayaraq araşdırma aparır.
 
Qeyd edək ki, Türkiyə dəfələrlə azərbaycanlı kriminal qrupların nüfuz savaşlarına səhnə olub. Azərbaycanlı “qanuni oğrular” — Rövşən Canıyev (tanınmış ləqəbi ilə “Rövşən Lənkəranski”) və “Lotu Quli” ləqəbli Nadir Səlifov məhz Türkiyədə belə qarşıdurmalar zamanı qətlə yetiriliblər. Maraqlıdır ki, “Lotu Quli” də Araz Musayevin bıçaqlandığı Antalya şəhərində öldürülüb. Bu iki hadisə arasında birbaşa əlaqə qurmaq mümkün olmasa da, azərbaycanlı kriminal qrupların Antalyanı nüfuz savaşlarının əsas mərkəzlərindən birinə çevirdiklərini demək olar.
 
Bu baxımdan, Araz Musayevin bıçaqlanması da həmin tendensiyanın bir parçası ola bilər və bu məsələyə ciddi diqqət yetirilməlidir. Digər tərəfdən, Araz Musayevi bıçaqlayan şəxsin Rusiyadan olması da hadisənin iddia edildiyi kimi, federasiyanı ondan almaq cəhdi ilə deyil, daha geniş nüfuz savaşı kontekstində qiymətləndirilməsinə əsas verir.
 
Bununla yanaşı, Araz Musayevin Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədovun adını hallandırması və Azərbaycan Kikboksinq Federasiyasını mübahisə predmetinə çevirməsi də diqqəti əsas məsələdən yayındırmaq cəhdi kimi dəyərləndirilə bilər. Belə bir vəziyyət isə bəzi şəxslərə bu hadisədən istifadə edərək şou yaratmaq imkanı verir.
 
Heç bir aidiyyəti olmadığı halda Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin adının bu olayla əlaqələndirilməsi isə açıq şəkildə süni müdaxilə təsiri bağışlayır. Bunu sübut edən əsas məqamlardan biri də odur ki, Adil Əliyev sadəcə
Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidentidir və federasiya rəhbərliyində təmsil olunmur. Onun adını hallandıranlar isə federasiyanın rəsmi nümayəndələri deyil, sadəcə bu idman qurumuna mənəvi bağlılığı olan bir şəxsin adından istifadə edərək gündəm yaratmağa çalışanlardır.
 
Əlbəttə, əgər federasiyanın rəhbərliyində Adil Əliyev qədər tanınmış ictimai-siyasi bir şəxs olsaydı, həmin şəxsin də adı bu cür hallana bilərdi. Amma burada məsələ fərqlidir və bu hallandırmanın məqsədli olduğu açıq görünür.
Bütün bu cəhdlər təsadüfi deyil. Görünən odur ki, müəyyən dairələr informasiya məkanını qarışdırmaqda maraqlıdır. Son zamanlar Azərbaycan dövlət rəsmilərinə və cəmiyyətin nüfuzlu şəxslərinə qarşı sistemli qaralama kampaniyasının başladılması da bu niyyətin göstəricisidir. Adil Əliyevin adının süni şəkildə Antalyada baş vermiş olayla əlaqələndirilməsi də bu kampaniyanın bir hissəsi ola bilər.
 
Azərbaycanın müstəqil və balanslı siyasət aparması bəzi xarici qüvvələri qane etmir. Bu səbəbdən, zaman-zaman dövlət rəsmilərinə və tanınmış şəxslərə qarşı belə kampaniyalar aparılır. Lakin unudulmamalıdır ki, güclü Azərbaycan bu cür çirkin kampaniyalarla yolundan döndərilə bilməz.
 
Arzuman Loğmanoğlu

Baxış sayı: 2592 | Tarix: 02.06.2025
Bizi Telegramda izləyin: @repostaz