Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskontini, İqor Popovu, Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşiki qəbul edib.
RePost.Az-ın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
 
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib, gələcək yüksək səviyyəli görüş haqqında söhbət aparılıb.
 
Sonra Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun ABŞ-dan olan yeni həmsədri Endrü Şoferi qəbul edib. Endrü Şoferə fəaliyyətində uğurlar arzulayan dövləti başçısı ABŞ-dan olan əvvəlki həmsədrlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində digər həmsədrlərlə birgə səylərini əsirgəmədiklərini bildirərək münaqişənin həllinə indiyədək nail olunmadığını təəssüflə qeyd edib və deyib ki, buna səbəb Ermənistanın status-kvonu dəyişməz olaraq saxlamağa çalışması, işğal olunmuş torpaqlarımızdan çıxmaması və Ermənistanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə məhəl qoymamasıdır. Hazırda danışıqlar prosesinin bərpa olunduğunu deyən prezident İlham Əliyev beynəlxalq hüququn normalarına əsaslanan ədalətli həll yolunun tapılması istiqamətində konstruktiv işlər görüldüyünü qeyd etdi, Azərbaycanın bu münaqişənin tezliklə həllində maraqlı olduğunu bildirib.
 
Endrü Şofer vurğulayıb ki, prezident İlham Əliyevin də qeyd etdiyi kimi, status-kvo qəbuledilməzdir və buna görə də münaqişənin beynəlxalq hüququn normaları əsasında sülh yolu ilə həlli istiqamətində aparılan prosesdə səylərini əsirgəməyəcəklər.
 
RePost.Az

Baxış sayı: 2573 | Tarix: 07.10.2017
Bizi Telegramda izləyin: @repostaz