"Rossiya" telekanalının Ankaradakı xüsusi müxbiri Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlindən sonra bir neçə dəqiqə ərzində baş verənlərin əks olunduğu videokadrları əldə edib.
 
RePost.az  Publika-ya istinadən xəbər verir ki, videoda çaxnaşma, yaralı insanlar və onlara yardım etməyə çalışan şəxslər əks olunub. Bundan başqa, yerə düşən qan damcıları, çevrilmiş masalar, qadın çığırtısı da görüntüdə yer alıb. Telekanal görüntünün insanların hadisə baş verən an qalereyadan çıxma məqamını əks etdirən yeganə kadrlar olduğunu qeyd edir. Arxa fonda qatilin yerdə uzanmış A.Karlova yaxınlaşması, sanki yoxlamaq məqsədi ilə, ona sarı əyilməsi əks olunub.
 
Hadisə yerində olmuş türkiyəli fotoqraf Uğur Kavasa hadisə zamanı üç qadının yaralandığını bildirib: "Güllələrdən biri rikoşet verərək qadının əlinə dəydi, daha bir qadın qolundan, digəri isə ayağından yaralandı. Yer qan içində idi. Qatil sonra sərgilənən fotoşəkilləri qopararaq, yerə atmağa başladı. Masalardakı kokteylləri, butulkaları da yerə tulladı".
 
Məlumata görə, polislər qatili əvvəlcə ayağından yaralayıblar. Lakin, o, yaralandıqdan sonra da atəş açmağa davam edib və bir an əlini cibinə salıb. Qumbaranı işə salacağını zənn edən polislər onu məhv etməli olublar.
 
Qatil Mert Altıntaşın evindən tapılan məktubda o bu əməli Allah naminə etdiyini qeyd edib.
 
Xatırladaq ki, dekabrın 19-da Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən "Rusiya türklərin gözü ilə" sərgisində çıxışı zamanı Rusiyanın bu ölkədəki səfiri Andrey Karlov qətlə yetirilib. Hadisəni törədən şəxsin polis əməkdaşı Mert Altıntaş olduğu məlum olub. O, təhlükəsizlik əməkdaşları tərəfindən zərərsizləşdirilib. 
 
RePost.az
 

Baxış sayı: 2497 | Tarix: 23.12.2016
Bizi Telegramda izləyin: @repostaz