Bu gün 20 Yanvar hadisələrindən 28 il ötür. Xalqımızın yaddaşına Qara Yanvar gecəsi kimi həkk olunmuş bu tarixi gün həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birliyi, həmrəyliyi günüdür. 
 
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi hissələri və zirehli texnikası heç bir xəbərdarlıq etmədən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin bir çox şəhər və rayonlarına yeridilib. Hərbi gəmilərdən çıxarılan desant qrupları da şəhər üzərinə hücuma keçib, ağır hərbi texnika dinc əhalinin qurduğu barrikadaları asanlıqla dağıdıb. Stavropol, Rostov və Krasnodardan erməni əsilli zabit və əsgərlər hərbi əməliyyatlara cəlb edilib. Nəticədə beynəlxalq hüquq normaları, keçmiş SSRİ-nin və Azərbaycan SSR-nin konstitusiyalarının müvafiq müddəaları kobudcasına pozulub, öz torpaqlarının, milli mənliyinin müdafiəsinə qalxmış çoxmillətli xalqımıza vəhşicəsinə divan tutulub.
 
Keçmiş SSRİ rəhbərlərinin göstərişinə əsasən, Bakıya daxil olan silahlı qoşunlar milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 147 nəfər silahsız mülki şəxsi amansızcasına öldürüb, paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 744 dinc, günahsız insan yaralanıb, yüzlərlə adam itkin düşüb, 841 nəfər qanunsuz həbs edilib. Ölçüyəgəlməz dağıntılar törədilmiş, yüzlərlə silahsız, sülhpərvər insan, o cümlədən yaşlılar, qadınlar, gənclər və uşaqlar xüsusi qəddarlıqla, qətlə yetirilib, şəhərin küçələri qana qərq olub.
 
Kütləvi insan itkisi ilə nəticələnən 20 Yanvar faciəsi öz mahiyyətinə və miqyasına görə dəhşətli bir cinayətdir. Lakin bu qanlı cinayətə indiyədək beynəlxalq hüquqi qiymət verilməyib, aksiyanın sifarişçiləri və icraçıları cəzalandırılmayıb. Beynəlxalq hüquqa əsasən insanlıq əleyhinə cinayətin bütün əlamətlərini özündə əks etdirən bu hadisə insan hüquqlarının kobud və kütləvi şəkildə pozulması ilə törədilib.  "CBC Sport" telekanalı olaraq ümid edirik ki, dünya ictimaiyyəti, beynəlxalq qurumlar Azərbaycanın haqlı tələblərini dəstəkləyəcək, bu qanlı aksiya insanlıq əleyhinə cinayət kimi tezliklə beynəlxalq hüquqi qiymətini alacaq, cinayətkarlar cəzasız qalmayacaq.
 
20 yanvar 1990-cı il ölkə tarixinə Şəhid ucalığı və qəhrəmanlıq səlnaməsi kimi əbədi yazılacaqdır. Şəhidlərimizin müqəddəs ruhu milyonlarla azərbaycanlının ürəyində daima işıq saçacaq və milli müstəqilliyimizin hansı qurbanlar hesabına başa gəldiyini unutmağa qoymayacaqdır. Azərbaycanın müstəqilliyi onun Dövlətçiliyi qan bahasına başa gəlib və məhz buna görə də əbədidir. 
 
RePost.Az saytının kollektivi şəhidlərimizin ruhunu hörmətlə yad edir, onlara rəhmət diləyir. 
 
Allah şəhidlərimizə rəhmət eləsin!

Baxış sayı: 2687 | Tarix: 20.01.2018
Bizi Telegramda izləyin: @repostaz