Bu gün Yasamal Rayon Məhkəməsində keçmiş milli təhlükəsizlik naziri, general-polkovnik Eldar Mahmudova qarşı iddia üzrə məhkəmə prosesi keçirilib.
 
RePost.Az Virtualaz.org-a istinadən xəbərinə görə, hakim Sərdar Mehrəliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində sabiq nazir iştirak etməyib.Onun vəkillə müqavilə imzaladığı bəlli olub. Sabiq naziri vəkil Cavid Rzazadə təmsil edib. İddiaçı M.Mustafayev E.Mahmudova ünvanlanacaq suallara vəkilin cavab verə bilməyəcəyini, bu səbəbdən onun özünün prosesdə iştirakının təmin olunmasını xahiş edib.
 
Vəkil C.Rzazadə isə bildirib ki, artıq Mülki Prosessual Məcəllənin 144-cü maddəsi ləğv edildiyi üçün cavabdehin məcburi gətirilməsinə ehtiyac yoxdur.
 
Hakim iddiaçı M.Mustafayevin vəsatətini təmin etməyib və E.Mahmudovun məhkəməyə gətirilməsinin zəruri olmadığını bildirib.
 
Daha sonra vəkil C.Rzazadə vəsatət verərək proses zamanı əməliyyat məlumatlarının müzakirə ediləcəyini bildirib və zalda jurnalistlərin iştirak etdiyini vurğulayıb. M.Mustafayev isə prosesin açıq olduğunu deyib. Vəkil qeyd edib ki, M.Mustafayev iddia ərizəsində Maliyyə Nazirliyini cavabdeh şəxs kimi təqdim etsə də, onlardan tələbinin nə olduğunu bildirməyib. Ardınca M.Mustafayev iddia ərizəsinə dəqiqləşdirmə verib. Əsas cavabdeh kimi Maliyyə Nazirliyini göstərib, E.Mahmudov isə əlavə cavabdeh kimi işə cəlb edilib.
 
M.Mustafayev tələb etdiyi pulun Maliyyə Nazirliyindən tutulmasını, nazirliyin isə pulu Eldar Mahmudovdan alıb ona ödəməsini istəyib. İddiaçı nazirliyin Nəsimi rayonu ərazisində yerləşdiyini əsas gətirərək işin Nəsimi Rayon Məhkəməsinə istəyib. M.Mustafayevin vəsatəti təmin edilib və iş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
 
RePost.Az

Baxış sayı: 4207 | Tarix: 03.05.2018
Bizi Telegramda izləyin: @repostaz