Tehranda iki gün sonra (17 dekabr 2018-ci il-red) İranın yüksək vəzifəli dövlət rəsmilərinin iştirakı ilə İran- Ermənistan tərəfdaşlığı və dostluq əlaqələri mövzusunda konfrans keçiriləcək.

 

RePost.Az Günaz TV-yə istinadən xəbər verir ki, tədbir Ermənipərəst mövqeyi ilə tanınan “Hur Tərcümə və Tədqiqat Mərkəzi” ilə “Qafqaz Araşdırmaları Mərkəzi”, “İran- Ermənistan Dostluq Assosiasiyası” və “İran- Ermənistan Müştərək Ticarət Palatası” kimi müxtəlif qurumların əməkdaşlığı ilə keçiriləcək.

 

Tədbirdə iştirak edənlər arasında İran Milli Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü Əli Nəcəfi, İran Xarici İşlər Nazirliyinin Qafqaz şöbəsinin rəhbəri Mohsen Fəqani, İran-Ermənistan Dostluq Assosiasiyasının rəhbəri Məhəmməd Dəmavəndi, İranın Ali Məsləhət Şurasının Mərkəzi Asiya və Qafqaz məsələləri üzrə tədqiqatçısı Vəli Kuzegər Kaleci və digər şəxslər iştirak edəcək.

 

Görüşdə aşağıdakı mövzular üzrə mühazirələrin olacağı nəzərdə tutulur:

  • 2018-ci ildə baş verən hadisələr
  • Bu hadisələrin İran- Ermənistan əlaqələrinə təsiri
  • Amerikanın rəsmi Tehrana qarşı tətbiq etdiyi sanksiyaların İran ilə Ermənistanın iqtisadi, ticari və bank sektorunda mövcud olan əlaqələrinə təsiri
  •  Avropa Birliyi ilə Ermənistan arasında imzalanmış azad ticarət zonası barədə razılaşmanın İran- Avropa əlaqələrində yeri
  • Araz və Meğri azad ticari zonalarının İran- Ermənistan  ticari və iqtisadi əlaqələrində yeri və rolu
  • İran və Ermənistanın enerji (su, elektrik və təbii qaz) sektorunda əlaqələri
  • İran və Ermənistanın Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizində əməkdaşlıqları (hava, yerüstü və dəmir yol tranziti)
  • İran və Ermənistanın turizm sahəsində əməkdaşlığı: Balanssızlıq və təklif olunmuş həll yollarının patologiyası
  • İran və Ermənistanın mədəniyyət sahəsində tərəfdaşlığının patologiyası
  • İran və Ermənistanın regional və beynəlxalq arenada qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıq sahələri

 

Qeyd edək ki, hər zaman özünü müsəlman təəssübkeşi kimi göstərən İran İslam Respublikası Qarabağ müharibəsi zamanı Ermənistana dəstək verib. Bundan başqa hər zaman iqtisadi blokadada olan Ermənistana hər cür yadım göstərməkdədir. İki ölkə arasında müxtəlif sahələrdə geniş əlaqələr mövcuddur.

 

Bundan başqa tədbirin iştirakçılarından olanlar hər zaman anti- Azərbaycan mövqeləri ilə tanınıblar. Onlar Vəli Kuzegər Kaleci Ermənistana yaxınlığı ilə tanınır. O, mütəmadi olaraq Ermənistana səfərlər edir və bu ölkədə tədbirlərə qatılır. 2017-ci ildə onun yazdığı “Cənubi Qafqazın Regional Təhlükəsizlik Toplusu” adlı kitab da böyük qalmaqala səbəb olmuşdu. Belə ki, kitabın üzərində yerləşdirilmiş xəritədə Azərbaycanın Qarabağ, Gürcüstanın isə Cənubi Osetiya və Abzaxiya bölgələri başqa rənglə göstərilmişdir. Bu isə Azərbaycanın kəskin etirazı ilə nəticələnmişdi.

 

RePost.Az

 


Baxış sayı: 4891 | Tarix: 15.12.2018
Bizi Telegramda izləyin: @repostaz