ABŞ-ın müasir xarici siyasətinin əsas istiqamətlərini və mahiyyətini açan ən yaxşı kitablardan birini sabiq prezident Bill Klintonun xanımı, 2009-2013-cü illərdə bu ölkənin dövlət katibi, 2016-ci ilin prezident seçkilərində isə Demokratlar Partiyasının prezidentliyə namizədi olmuş Hillari Klinton yazıb. 2014-cü ildə çap olunan kitab “ÇƏTİN SEÇİMLƏR” adlanır. 
 
Xanım Klinton Barak Obamadan sonrakı dönəm üçün demokratların ABŞ prezidenti kimi görmək istədikləri əsas fiqur sayıldığından, bu kitaba həm də 2016-cı ildəki seçki kampaniyası dönəmində onun uğurunu təmin edəcək əsas təbliğat vasitələrindən biritək baxılırdı. Ona görə də kitabın yazılmasına böyük və çox yaxşı mütəxəssis heyəti cəlb edilmişdi...
 
Xanım Klinton 2016-cı il seçkilərində respublikaçıların namizədi Donald Trampa uduzdu. Bununla belə, onun müəllifliyi ilə ərsəyə gətirilən “ÇƏTİN SEÇİMLƏR” hələ uzun müddət ABŞ demokratlarının, o cümlədən bugünkü Bayden adminstrasiyasının bütün dünya üzrə apardığı siyasətin mahiyyətini bilmək istəyənlərin stolüstü kitabı sayılacaq. Çünki kitabda analitiklər, siyasətçilər üçün ən müxtəlif ölkələrlə aparılan məxfi danışıqlar barədə hədsiz dərəcədə qiymətli məlumatlar var...
 
... Hillari Klinton kitabında ABŞ-ın İran siyasəti haqda da geniş bəhs edib. Kitabın “İran: sanksiyalar və sirlər” bölməsində xanım Klinton ölkəsinin rəsmi Tehrandan nə istədiyini, hansı işlər gördüyünü və nələrə hazırlaşdığını çox aydın şəkildə izah edib. 
 
Bu istək elə başqa bir məşhur amerikalı strateqin – Henri Kissincerin 2014-cü ildə çap olunan “Dünya nizamı” kitabında İranla bağlı yazdığının tam eynisidir: İran hərbi nüvə doktrinasından əl çəkməli və amerikalılarla əməkdaşlığa başlamalıdır!
 
Klintonun yazdıqlarından aydın olur ki, şiə məzhəbli İran nüvə silahı əldə edəcəyi təqdirdə, Qərb balans yaratmaq üçün onun sünni rəqiblərinin - Türkiyə, Misir və Səudiyyə Ərəbistanının da nüvə silahına sahiblənmələrinə göz yummaq məcburiyyətində qalacaq. 
 
Belədə isə, təkcə 1947-ci ildə müsəlman torpaqlarında yaradılan İsrail dövləti üçün fəlakət başlamayacaq, həm də əlverişli coğrafi mövqeyə və bütövlükdə dünya iqtisadiyyatının qan damarlarına sahib Yaxın və Orta Şərq regionunda birdən-birə bir neçə müsəlman ölkəsi nüvə arsenalına malik olacaq ki, bu da sonda onların Qərbin təsirindən uzaqlaşmalarına gətirib çıxaracaq...
 
Bu baxımdan, Klintonun da yazdığı kimi, İranın nüvə silahı əldə etməsinin qarşısını kəsmək üçün ABŞ bütün mümkün ssenarilərə, variantlara əl atacaq və 2001-ci ildən bu yana uğurlu hərbi əməliyyatlar aparmaq məqsədiylə İranətrafı əksər ölkələrlə çox ciddi, sistemli iş də aparılıb.
 
Klinton kitabında aparılan bu işlər barədə geniş məlumat verməklə, ABŞ-ın İran strategiyasının mahiyyətini də tam çılpaqlığı ilə açıb: İranın dini rejiminə içdən və kənardan təzyiqləri maksimum həddə çatdırmaq, onu sanksiyalarla çökdürüb taqətdən salmaq, ancaq eyni zamanda, paralel şəkildə məxfi danışıqlar üçün də qapını açıq saxlamaq və nəhayət, sonda İran hakimiyyətini onlarla masa arxasında əyləşməyə vadar etmək! Bütün imkanlar tükəndikdəsə, vaxtilə İraq və Suriyaya qarşı tətbiq edildiyi kimi, İranın nüvə obyektlərinə qarşı irimiqyaslı hərbi əməliyyatlara başlamaq! 
 
Çox maraqlıdır ki, Klinton kitabında “Ərəb baharı”ndan öncə - 2011-ci ilin yanvarında Oman sultanı Qabusun vasitəçiliyi ilə İran hakimiyyəti ilə apardıqları məxfi danışıqların təfərrüatlarına, həmçinin İranda 2009-cu ildəki prezident seçkiləri vaxtı etirazların əsas təşkilatçısı kimi çıxış edən “Yaşıl Hərəkat”ı dəstəkləməmələrinin səbəblərinə, eyni zamanda Amerika kəşfiyyatının İranın nüvə obyektlərinin yerini öyrənmək məqsədiylə bu ölkənin daxilində apardığı gizli əməliyyatların bəzi nəticələrini Rusiya ilə necə bölüşdüklərinə də geniş işıq salıb... 
 
Hazırda bizim üçün o fakt xüsusilə diqqətçəkəndir ki, 12 il əvvəl Klintonun İranla danışıqlarda öz komandasından məxfi missiyanı həvalə etdiyi əsas adamlar 2020-ci ildə Bayden prezident seçildikdən sonra çox mühüm vəzifələrə təyinat alaraq, hazırki ABŞ administrasiyasının ən aparıcı simalarına çevriliblər. Məsələn, vaxtilə bu danışıqlarda iştirak etmiş iki əsas adamdan biri – Ceyk Sallivan 2021-ci ildə prezident Baydenin təhlükəsizlik məsələləri üzrə müşaviri postuna gətirilib və o, Ukraynadakı savaş başlayandan sonra Rusiya ilə aparılan məxfi danışıqlarda da ən kilid isimdir. Hillari Klintonun vaxtında onun müavini vəzifəsini tutmuş ikinci önəmli adam – Uilyam Börns də 2021-ci ildə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru təyin olunub və onun da xüsusilə həm İran, həm də Rusiya elitası ilə çox etibarlı əlaqələri mövcuddur... 
 
Beləliklə, görünən odur ki, İran planı yenidən ABŞ demokratlarının əməliyyat masasına yatırılıb. Əvvəlki dövrlərdən fərqli olaraq, indi İran həm öz daxilindən, həm də xaricdən çox böyük basqıyla üz-üzədir: bir tərəfdən, uzunmüddətli sanksiyaların öldürücü təsiri İran iqtisadiyyatını alt-üst edib, infilyasiyanı son 44 ilin ən yüksək həddinə çatdırıb, sosial narazılıqların miqyasını bütün İran coğrafiyasına yayıb; o bir tərəfdən, ötən ilin sentyabrından kürdəsilli Məsha Əmininin ölümü üzərində başlamış “hicab aksiyaları” dünyada ən gənc əhali potensialına sahib İranda siyasi azadlıqlar və əyləncəli həyat arzularını körükləyib, dövlətin ən sərt tədbirlərinə baxmayaraq, etirazlar səngimək bilmir; bir tərəfdən də, İranda ən böyük etnoslar sayılan azərbaycanlıların və kürdlərin milli zəmində də ayağa qalxmaları üçün ən mürəkkəb texnologiyaların, əməliyyat ssenarilərinin tətbiqinə əl atılıb... 
 
İran daxilində iğtişaşların başlamasıyla eyni vaxtda həmişə İrana qarşı hərbi əməliyyatların tərəfdarı olan “Bibi”nin – Benyamin Netanyahunun İsraildə yenidən hakimiyyətə gətirilməsi və 1979-cu ildə devrilmiş İran şahının oğlu Rza Pəhləvinin sürətlə siyasi səhnəyə çıxarılması isə artıq o deməkdir ki, İrana qarşı hərbi əməliyyatlar və hərbi çevriliş variantı belə, artıq Pentaqonun və MKİ-nin masası üzərindədi. 
 
Yeri gəlmişkən, Klinton bəhs etdiyimiz kitabında İran xalqının demokratik yolla seçdiyi bir hakimiyyəti 1953-cü ildə amerikalıların necə devirdiklərindən də bəhs edib və İran xalqının bunu heç vaxt unutmayacağını xüsusi vurğulayıb.
 
... Beləliklə, həm dənizdən, həm də qurudan NATO hərbçiləriylə əhatələnən İran dilemma qarşısındadır: o, ya tezliklə hərbi nüvə doktrinasını dayandırdığını açıqlamalı və Qərblə yenidən əməkdaşlığa başlamalı, ya da ABŞ və İsraillə açıq savaşa hazır olmalı və nüvə proqramını tamamlamaq üçün vaxt udmağa çalışmalıdır! 
 
Əvvəlki dövrlərdən fərqli olaraq, İranın işini indi çətinə salan həm də odur ki, 34 ildir bu ölkənin dəyişməz ali dini rəhbəri olan, mənşəcə azərbaycanlı Seyid Əli Xameneyi artıq 85 yaşına adlayıb və ondan sonra yeni Rəhbərin kim olacağı da qeyri-müəyyəndir. İran siyasi elitasının özündə böyük müharibədən yayınmaq və ölkəni salındığı bu böhrandan çıxarmaq üçün Qərblə əməkdaşlığa getmək istəyənlərin sayı getdikcə artdığı kimi, 1979-cu ildə qurulan “Vilayəti-Fəqih” sistemindən imtina və dünyəvi sistemə tədrici keçidə imkan verən Konstitusiya dəyişikliklərinə getmək çağırışları da güclənir. 
 
Ancaq bütün bu təzyiqlərə baxmayaraq, dünyanın ən uzunömürlü dövlət rəhbərlərindən, həmçinin strateji düşüncə sahiblərindən biri kimi qəbul edilən və hər kəlməsi nüfuzlu beyin mərkəzləri tərəfindən ciddi izlənilən Xameneyi qətiyyən geri addım atmır... Bu, onun da son imtahanı sayılır və nə dərcədə haqlı olub-olmadığını zaman üzə çıxaracaq.
 
Həkəliksə, indi İran çətin, çox çətin seçim qarşısındadır. Və bu seçim təkcə Güneydəki 30 milyonluq soydaşımızın yox, İranla 765 km-lik quru sərhədi olan, ağır bir müharibədən yenicə çıxmış və yaralarını hələ tam sağaltmamış, əsas düşməniylə gərgin sülh danışıqları aparan Quzey Azərbaycanın da 10 milyonluq əhalisinin həyatına, taleyinə hədsiz böyük təsir göstərəcək!
 
Allah otaylı-butaylı millətimizi çəkildiyi böyük savaşdan və düşmən fitnəsindən qorusun! Çünki bizim olmayan bu savaş başlasa, ən çox ziyan çəkən də elə məhz biz azərbaycanlılar olacağıq!
 
Politoloq,
Elxan Şükürlü

Baxış sayı: 29344 | Tarix: 20.04.2023
Bizi Telegramda izləyin: @repostaz