“Sürücülər fikirləşirlər ki, avtomobilləri dövlət nömrə nişanı olmadan idarə etdikləri zaman məsuliyyətdən boyun qaçıra bilərlər. Lakin bu, belə deyil. Təəssüf ki, bunu bilə-bilə bəzi sürücülər qanunvericiliyin normalarına riayət etmirlər”.
 
Bu sözləri oxu.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.
 
Paytaxt yollarında bu cür qayda pozuntusu ilə bağlı məsələyə münasibət bildirən DYP rəsmisi deyir ki, hər bir avtomobilə dövlət nömrə nişanı verilir:
 
“Lakin bəzi sürücülər qanunun tələblərini kobud şəkildə pozurlar. İnzibati məsuliyyətdən yayınmaq məqsədilə avtomobilin dövlət nömrə nişanlarını çıxarırlar. Bu hərəkətə yol verən sürücülər birmənalı olaraq İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddələrini pozmuş olurlar. Daha dəqiq desək, İXM-in 342.7-ci maddəsinə əsasən, dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrinin idarə edilməsinə görə cərimə məbləği 60 manat, cərimə balı isə 4 bal olaraq təyin olunub. Belə vəziyyətdə avtomobil İXM-in 96-cı maddəsinə əsasən, duracağa göndərilir”.
 
 
Polis mayoru sosial şəbəkələrdə fotosu yayılan, nişanında nömrə əvəzinə “Qarabağ” yazılmış avtomobil barəsində araşdırma aparılacağını, sürücünün müəyyən edilərək yol verdiyi qayda pozuntusuna görə qanunamüvafiq formada məsuliyyətə cəlb ediləcəyini də qeyd edib.

Baxış sayı: 8121 | Tarix: 02.06.2023
Bizi Telegramda izləyin: @repostaz