İkinci Şəhidlər xiyabanında Azərbaycanın Milli Qəhrəmanı, İkinci Qarabağ müharibəsi şəhidi polkovnik Şükür Həmidovun doğum günü münasibətilə anım mərasimi keçirilib.
 
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
 
Müdafiə Nazirliyinin və ictimaiyyət nümayəndələrinin, Qubadlı rayon İcra Hakimiyyətinin və Qubadlı rayon Mədəniyyət Evinin əməkdaşlarının, Milli Qəhrəmanın ailə üzvlərinin, döyüş yoldaşlarının, məktəblilərin, eləcə də digər qonaqların iştirak etdiyi mərasimdə şəhidimizin məzarı ziyarət edilib, önünə əklil və gül dəstələri qoyulub, ruhuna dualar oxunub.
 
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Anım mərasimində qəhrəmanımızın şərəfli həyat yolundan, vətənpərvər zabit kimi Azərbaycan Ordusunda qüsursuz xidmətindən, xüsusilə də Aprel döyüşləri və Vətən müharibəsi zamanı keçdiyi döyüş yolundan danışılıb.
 
Qeyd olunub ki, polkovnik Şükür Həmidovun qəhrəmanlığı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib, o xidməti dövründə müxtəlif orden və medallara təltif olunub.
Mərasimdə çıxış edənlər şəhid zabit ilə bağlı xatirələrini bölüşüb, Milli Qəhrəmanın timsalında bütün şəhidlərimizin xatirəsinin daim əziz tutulacağı vurğulanıb.
 
Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonda məktəblilər tərəfindən şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.

Baxış sayı: 18286 | Tarix: 01.04.2024
Bizi Telegramda izləyin: @repostaz