London şəhərində yerləşən nüfuzlu Britaniya Film Mükafatları Akademiyasının (BAFTA) kino zalında birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən əsir götürülmüş azərbaycanlı hərbçi Natiq Qasımovun taleyindən bəhs edən “Oğul” (The Son) sənədli filmi nümayiş etdirilib.
 
Bu barədə Azərbaycanın Böyük Britaniyadakı Səfirliyindən məlumat verilib.
 
Tədbir Britaniya Avropa Azərbaycan Məktəbinin təşkilatçılığı və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə keçirilib. Tədbirdə diplomatik korpusun çoxsaylı nümayəndələri, ictimai-siyasi xadimlər, Azərbaycan, Türk və digər icmaların üzvləri, jurnalistlər iştirak ediblər.
 
Tədbiri Britaniya Avropa Azərbaycan Məktəbinin müəllimi Rauf Xəlilov açıq elan edib.
 
Daha sonra çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov filmin ərsəyə gəlməsinə görə Heydər Əliyev Fonduna, TEAS Press Nəşriyyat Evinə, filmin icraçı direktoru Tale Heydərova, eləcə də tədbirin təşkilinə görə Britaniya Avropa Azərbaycan Məktəbinin müəllimləri Səbinə Rakçeyeva və Səbinə Quliyevaya təşəkkürünü bildirib.
 
Səfir çıxışında Natiq Qasımovun göstərdiyi şücaətin qəhrəmanlıq nümunəsi olduğunu vurğulayıb, onun xatirəsini yaşatmaq üçün və Qarabağ müharibəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından filmin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Səfir bu yaxın günlərdə Azərbaycan icmasının üzvləri ilə birlikdə Xocalı faciəsi qurbanlarının xatirəsinin yad edildiyini qeyd edib və bu kimi ağır məqamların Azərbaycanın yeni tarixinin tərkib hissəsi olduğunu vurğulayıb. Dünyada Azərbaycana dost və tərəfdaş olan ölkələrin bunu anlamasının vacibliyini qeyd edib. Səfir eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tarixin münaqişə ilə bağlı səhifəsini bağlamalıyıq fikrini xatırladaraq, torpaqlarımız işğaldan azad edildikdən sonra Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması üçün tarixi fürsətin yarandığını vurğulayıb. Azərbaycan - Ermənistan arasında olan birbaşa ikitərəfli danışıqların aparılmasının vacibliyini qeyd edib və bu prosesə kənardan mane olmaq istəyənlərin olduğunu diqqətə çatdırıb.
 
Tədbirdə həmçinin filmin rejissoru Karan Sinqh çıxış edib. O, Natiq Qasımovun əsirlikdə olarkən italyan fotoqraf və jurnalist Enriko Sarsini tərəfindən çəkilmiş şəkillərindən çox təsirləndiyini və filmin çəkilməsi ideyasının burdan yarandığını bildirib. O, filmin çəkiliş prosesi və hadisənin canlı şahidləri ilə müsahibələri barədə danışıb. Filmin çəkiliş prosesində ona ən çox təsir edən səhnənin Natiq Qasımovun anasının göz yaşları olduğunu bildirib.
 
Filmin prodüseri Ekard Sager çıxışında Azərbaycanın artıq öz torpaqlarını işğaldan azad etdiyini qeyd edib, yüz minlərlə məcburi köçkünün, o cümlədən Natiq Qasımovun ailəsinin öz doğma yurdlarına qayıtması üçün şərait yarandığını vurğulayıb. O, çıxışında Azərbaycanın azad edilmiş ərazilərində işğal dövründə 1.5 milyondan artıq minaların basdırıldığına diqqət çəkib.

Baxış sayı: 29002 | Tarix: 14.03.2024
Bizi Telegramda izləyin: @repostaz