2020-ci ilin 29 dekabr tarixində saat 10:00 radələrində Agentliyə Zəngilan rayonu Rəzdərə kəndi ərazisində körpünün altına partlayıcı maddənin qoyulması barədə məlumat daxil olub.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) RePost.Az-a bildirilib ki, daxil olmuş məlumata əsasən Agentliyin xüsusi mobil əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Zəngilan rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə aparılmış əməliyyat-axtarış tədbirləri zamanı kənd ərazisində olan körpünün altında düşmən tərəfindən qoyulmuş partlayıcı qurğu (tərkibi: 158 kq plastik partlayıcı maddə, 125 kq amonium-nitrat tərkibli partlayıcı, 4 ədəd elektrik detonatoru və 30 m detonasiya qaytanı) aşkar edilərək zərərsizləşdirilib.

Agentliyin xüsusi mobil əməliyyat qrupları tərəfindən düşmən işğalından azad olunmuş rayonlarda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Baxış sayı: 3618 | Tarix: 29.12.2020
Bizi Telegramda izləyin: @repostaz