Ağdam rayonunun işğaldan azad olunmuş ərazisində Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Təmizləmə Qrupunun Bölmə rəhbəri, 1983-cü il təvəllüdlü Mirzəyev Elməddin Tofiq oğlu xidməti vəzifəsini yerinə yetirərkən Ermənistan tərəfindən basdırılmış piyada əleyhinə minanın zərərsizləşdirilməsi zamanı mina partlayışı baş verib.
 
Agentlikdən RePost.Az-a verilən məlumata görə, hadisə yanvarın 29-u, saat 11 radələrində baş verib.
 
E. Mirzəyev Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq dərhal cərrahiyyə əməliyyatına götürülüb. Vəziyyəti stabil ağırdır.
 
Onun sol ayağı topuq nahiyəsindən travmatik amputasiya olunub və çoxsaylı qəlpə yarası alıb.
 
"Qeyd edilən ərazilər işğaldan azad olnumuş torpaqlardır və təhlükəsizlik səbəbindən həmin ərazilərə xüsusi icazə olmadan vətəndaşların girişi qəti qadağandır", - məlumatda vurğulanıb.
 
Hadisə ilə bağlı Baş Prokurorluqda məlumat yayıb.
 
Məlumatda bildirilir: "29 yanvar 2021-ci il tarixdə saat 11 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Ağdam rayonuna ezam olunmuş Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin bölmə rəhbəri 1983-cü il təvəllüdlü Mirzəyev Elməddin Tofiq oğlu minaya düşməsi nəticəsində "sol ayağın topuqdan aşağı ətrafının travmatik amputasiyası" xəsarəti və çoxsaylı qəlpə yaraları almışdır.
 
Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, məhkəmə-tibb ekspertizası təyin edilmiş,digər prosessual hərəkətlər yerinə yetirilmişdir.
 
Faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılmışdır.
 
Hazırda zəruri istintaq hərəkətləri həyata keçirilir".

Baxış sayı: 2839 | Tarix: 29.01.2021
Bizi Telegramda izləyin: @repostaz