Martın 10-da 1973-cü il təvəllüdlü şəxs Sabunçu Tibb Mərkəzinin nəzdində olan 2 saylı Doğum Evinin Patologiya şöbəsinə süni mayalanmadan (EKM) sonrakı hamiləlik, 34 həftə 4 günlük hamiləlik, vaxtından əvvəl doğuş təhlükəsi səbəbilə hospitalizasiya olunub. Pasiyentin kliniki, laborator müayinələri aparılıb, hipotenziv müalicə fonunda nəzarətdə saxlanılıb.
 
Bu barədə APA-nın sorğusuna cavab olaraq, Sabunçu Tibb Mərkəzindən məlumat verilib.
 
Bildirilib ki, martın 14-də saat 10:00 radələrində döl sularının axması səbəbilə xəstə əməliyyat blokuna köçürülüb və saat 10:30-da əməliyyata götürülüb: "Əməliyyat zamanı çəkisi 2 100 qram, boyu 47 sm. olan oğlan, çəkisi 2 050 qram, boyu 46 sm. olan qız dünyaya gəlib. Hər iki yenidoğulmuş Apqar şkalası üzrə 7/7 balla qiymətləndirilib. Zahı qadın Reanimasiya şöbəsinə köçürülüb. Əməliyyatdan 2 saat sonra hipotonik qanaxma baş verib, müvafiq müalicə tədbirləri görülüb. Daha sonra relaparotomiya və uşaqlığın ekstirpasiyası əməliyyatı icra olunub.
 
Martın 15-də saat 01:30 radələrində xəstənin vəziyyəti qəfil pisləşib, boğulma, sianoz (göyərmə) və tənəffüs çatışmazlığı müşahidə olunub. Aparılan intensiv reanimasiya tədbirlərinə baxmayaraq, saat 02:30 radələrində xəstədə bioloji ölüm faktı qeydə alınıb".
 
O da qeyd olunub ki, meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib. Ölümün bilavasitə səbəbinin dəqiq müəyyənləşdirilməsi patoloji-anatomik müayinə (təşrih) nəticəsində məlum olacaq.
 
Yenidoğulmuşların müalicəsi davam etdirilir, vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Baxış sayı: 388 | Tarix: 16.03.2026
Bizi Telegramda izləyin: @repostaz