Son zamanlar sosial şəbəkələrdə Sumqayıt şəhərində bəzi avtobus sürücülərinin yol hərəkəti qaydalarını kobud şəkildə pozması və sükan arxasında mobil telefondan istifadə etmələri ilə bağlı video görüntülər yayılıb.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, bununla əlaqədar Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində sərnişindaşıma ilə məşğul olan sürücülərlə profilaktik tədbir keçirilib.
Həmin gün reysə çıxmayan sürücülər isə Polis Şöbəsinə dəvət olunaraq, yol hərəkəti qaydalarını pozduqları hallar əyani şəkildə monitorlar vasitəsilə onlara nümayiş etdirilib. Tədbirdə polis əməkdaşları ilə yanaşı, şəhər icra hakimiyyətinin nümayəndələri də iştirak ediblər. Görüş zamanı sürücülərin diqqətinə çatdırılıb ki, sərnişinlərin təhlükəsizliyinin təmin olunması məqsədilə yol hərəkəti qaydalarına ciddi əməl edilməlidir. Bildirilib ki, avtobusu idarə edərkən mobil telefondan istifadə etmək, sükan arxasında siqaret çəkmək yolverilməzdir.
Tədbirin davamı olaraq Sumqayıt şəhərində nizamlanan piyada keçidlərindən düzgün istifadə etməyən piyadalarla da profilaktik tədbir keçirilib. Onlarla maarifləndirici söhbətlər aparılıb, yol hərəkəti qaydalarına riayət etməyin həyati əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Sumqayıt şəhərində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə bu tip profilaktik tədbirlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.