Nəqliyyat nazirliyi ləğv edilib. RePost.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
 
Sərəncamda deyilir:
 
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında dövlət idarəetmə strukturunu təkmilləşdirmək, habelə nəqliyyat, rabitə və yüksək texnologiyalar sahələrində dövlət siyasətini və tənzimlənməsini müasir dövrün tələblərinə uyğunlaşdırmaq və səmərəliliyi artırmaq məqsədi ilə qərara alıram:
 
1. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək, onların əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılsın.
 
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
 
2.1. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamənin layihəsini, habelə Nazirliyin strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
 
2.2. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə əlaqədar:
 
2.2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
 
2.2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
 
2.2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
 
2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
 
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə əlaqədar uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
 
Prezidentin digər sərəncamlı ilə Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.
 
RePost.Az

Baxış sayı: 2288 | Tarix: 13.02.2017
Bizi Telegramda izləyin: @repostaz