“Arrival”, yəni “Gəliş” son illərin ən diqqət çəkən filmlərindəndir. Yazar Ted Çanın “Story of your life” adlı hekayəsi əsasında çəkilən filmin rejissoru Deni Vilnyuvdur. Kitablar əsasında çəkilən bütün filmlər məni həyəcanlandırır, üstəlik, “Arrival” elmi-populyar janrdadır. Bu da həyəcanımı daha da artırırdı. Ancaq filmi o qədər də bəyənmədim. Mövzu baxımından orijinal və möhtəşəm olsa da, amerikansayağı düşüncə tərzi filmin dadını qaçırıb. Nə isə, bu yazının məqsədi filmi tənqid etmək və ya tərifləmək deyil.

Adını xatırlamadığım dahilərdən biri deyib ki, “yaradıcılıq fikirləri birləşdirməklə əlaqəlidir. Latın dilində “düşünmək” mənasına  gələn “cogito” feili, eyni zamanda “bir arada çalxalamaq” mənasını da verir”.

Mən də filmi izləyərkən özümdən asılı olmayaraq “birləşdirmə əməliyyatı”na başladım.

“Arrival”ın özəyini təşkil edən dil teması diqqət çəkəcək dərəcədə orijinaldır. Dil məni ən çox düşündürən mövzulardan biridir. Hələ V sinifdə - tarix dərsində - Babil qülləsi ilə bağlı məlumatları oxuyanda dilin möcüzəvi bir şey olduğunu anlamışdım. Orada deyilirdi ki, Babil qülləsini tikərək tanrılara çatmağa çalışan (diqqət edin tanrılar niyəsə, həmişə göydə olur) insanlara mane olmaq istəyən tanrılar onların hər birinə ayrı bir dil verərək cəzalandırır. Nece də maraqlıdır. Hərhalda bir tanrı üçün cəza fikirləşmək elə də çətin olmamalıdır. Onlar isə məhz insanların dillərini ayırır. Çünki, bir-birinin dilini anlamayan insanların birləşib məqsədə çatmaları mümkün deyil. Bir il öncə oxuduğum elmi məqalədə deyildiyi və “Arrival” da da vurğulandığı kimi, dil həm də insanın düşünmə qabiliyyətinə və davranışlarına təsir edir. Bunu öyrənəndən sonra tanrıların bu cəza üsulunu seçməsi daha anlaşılan olur. Çünki bu cəza insanları bir-birindən sadəcə mənası başa düşülməyən kəlimələr sayəsində uzaqlaşdırmır, onların həyata baxış bucaqlarını belə dəyişir. Beləliklə, dillər bizi “fərqli dünyalar”ın insanlarına çevirir. “Arrival”da yadplanetlilerin dediyi kimi: “Dil bir silahdır”. O silahdan düzgün istifadə etmək lazımdır.

 

“Arrival”ı izləyərkən  məni ən çox həyəcanlandıran nüanslardan biri də filmdəki yadplanetlilərə aid kosmos gəmisi ilə Stanley Kubrikin “2001 kosmos dastanı” filmində istifadə etdiyi qara daşlar arasındakı oxşarlıq oldu.  O filmi izləyənlər bilir ki, film vəhşi təbiət səhnəsi ilə açılır. Meymunlar su üstündə dava edirlər. Bir  qrup meymun məğlub olur. Axşam düşür, onlar yuxuda ikən, haradansa qara bir daş peyda olur. Əvvəlcə qorxan meymunlar, sonra yavaş-yavaş daşa yaxınlaşıb ona toxunmağa başlayırlar. Orada nə baş verdiyini bilmirik, ancaq bir sonraki davada artıq həmin meymunlar öz rəqiblərinə qalib gəlirlər. Çünki digərlərindən fərqli olaraq əllərinə dəyənək, daş və s. silahlar alaraq hücuma keçməyi ağıl edirlər.

 “Arrival”da da qara  gəmiyə insanlar eyni maraqla və təşvişlə yaxınlaşırlar. Amma bu dəfə silahlarımız, özümüzü qorumaq üçün texnologiyamız var (ya da bizə elə gəlir).

“Arrival”da yadplanetlilər sülhü qorumağımız və daha ədalətli dünya qurmağımız üçün bizə gələcəyi görmə qabiliyyəti bəxş edən bir dil hədiyyə edirlər. Düzdür, “2001 kosmos dastanı”nda Kubrik dayı dil mövzusuna toxunmur. O, deyirdi ki, “Hə, biz meymunlardan gəlirik. Amma bu tamamilə, təbiətin işi deyil”. Əslində, o filmdə deyilməsə də, Kubrik dayının fikirləri ilə real həyatı və tariximizlə bağlı bildiklərimizi nəzərdən keçirsək, görəcəyimiz tək bir həqiqət var: Bizi digər canlılardan fərqləndirən şey gələcək üçün yaşamağımız idi. 10 min il öncə də gələcək üçün yaşayırdıq, indi də. Məsələn, heç bir aslan qarnı doyduqdan sonra “bu ceyranı da öldürüm, sabah yeyerəm” deyə düşünmür. Bir pişiyə “Whiskas” yedizdirə bilərsiniz, ancaq siz evdə olmayanda o eyni yeməyi hazırlamayacaq. Biz insanlar isə bir yerə qonaq gedəndə yeyib bəyəndiyimiz keksin reseptini alırıq. Çünki həmişə gələcəyi düşünürük. Digər tərəfdən isə yuxarıda qeyd etdiyim kimi, adını unutduğum dahinin dediyi işi görürük, yəni bildiklərimizi birləşdiririk. Stanley Kubrikin qara lövhələri bizə bu iki bacarığı vermişdi.

“Arrival”da isə deyilir ki, biz bizə verilənləri yaxşı dəyərləndirə bilməmişik. Ancaq hələ gec deyil, ona görə də, onsuz da hər addımını gələcəyi düşünərək atan insan övladına verilə biləcək ən yaxşı hədiyyə gələcəyi görmək qabiliyyəti ola bilər. Beləliklə, “mən hücum etməsəm, sabah o mənə hücum edəcək, mən indi onun başını əzməsəm, sonra o eyni əclaflığı mənə edəcək” deyərək etdiyi pisliklərə haqq qazandıran insan övladı bəlkə bir az ağıllanar. Ağıllı fikirdir. Ancaq mən yenə də düşünürəm ki,  bir gün bizim yaxşılığımızı düşünən yadplanetlilər qonağımız olsalar, onlar bizə gələcəyi yox, keçmişi bəxş etməlidirlər. Ən əsası isə qorxu və eqonun çoxluğundan yaranan və simptomları hər şeyi tez unutmaq, sadəcə özümüzə sərf edənləri xatırlayıb, yaşatmaq olan, adını bilmədiyim xəstəliyimizi sağaltmalıdırlar.

Tanrı Enkinin də dediyi kimi, gələcək keçmişdə yatmaqdadır və başlar son olacaqdır.

İlknur Salamova


Baxış sayı: 3599 | Tarix: 17.02.2017
Bizi Telegramda izləyin: @repostaz