Genetika piylənmənin əsas faktorlarından biridir. İnsanların artıq çəkiyə meyli çox vaxt onların yaxın qohumları və ailə üzvləri arasında müşahidə olunur.
 
APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov bildirib. Onun sözlərinə görə, tiroid vəzinin disfunksiyası metabolizmi zəiflədərək, maddələr mübadiləsini pozur və artıq bədən çəkisinə səbəb olur:
 
“Piylənmə dedikdə, əsas da qarın nahiyəsinə diqqət yetirmək lazımdır. Normalda kişilər üçün bel 94 sm, qadınlar üçün 80 sm-dən çox olmamalıdır. Bundan əlavə, yuxu pozuntusu da çox ciddi amillərdən hesab olunur. Tədqiqatlar müəyyən edib ki, insanlar nə qədər az yatsa, onların artıq çəki və ya piylənmə ehtimalı bir o qədər yüksək olur. Bu qismən ona görədir ki, yuxu zamanı ifraz olunan hormonlar iştahı və bədənin enerji istifadəsini idarə etməyə kömək edir. Həmçinin, stress və depressiya zamanı da bəzi insanlar daha çox nəzarətsiz qida qəbuluna meyilli olurlar.
 
İkinci tipli diabetli xəstələrin demək olar ki, əksəriyyəti artıq çəki və ya piylənmədən əziyyət çəkir. Piylənmə yağ turşularının səviyyəsini artırır və nəticədə diabetə səbəb ola biləcək iltihablı prosesləri təhrik edir. Bel çevrəsinin ölçüsünün təzyiq, infarkt və insult xəstəlikləri ilə sıx bağlılığı var. İnsult, infarkt, hipertoniya, xərçəng kimi xəstəlikləri birbaşa artıq bədən çəkisi ilə bağlılığı danılmaz faktdır.
 
Ultrasəs müayinəsində istənilən orta bədən çəkili bir insanı müayinə etdikdə bəzən qaraciyər yağlanması diaqnozu aşkarlanır.
 
Bundan əlavə, piylənmə alkoqol asılılığının nəticəsi də ola bilər”.
 
O qeyd edib ki, sağlam qidalanma insanın həyat tərzinin ən mühüm aspektlərindən və onun sağlamlığına təsir edən amillərdəndir:
 
“O, insanın normal inkişafını və həyat fəaliyyətini təmin və xəstəliklərin qarşısının alınmasına kömək edən faktordur. Təbii qidalar, mövsümü meyvə və tərəvəzlər xüsusilə faydalı hesab olunur. Qeyri-bitki yağları zərərli xolesterini artıraraq, damarların kirəcləşməsinə ateroskleroz dediyimiz tıxanmaya səbəb ola bilir. Vətəndaşlar arasında yüksək şəkərli un məhsullarına daha az meyli təbliğ etmək lazımdır. Şəkər bəlkə də insan orqanizmi üçün ən arzuolunmaz məhsuldur. Ona görə də təbii, emala məruz qalmayan qidalara üstünlük verilməsi tövsiyə olunur. Həmçinin, düzgün yuxu rejiminə riayət etmək vacibdir”.

Baxış sayı: 13973 | Tarix: 04.03.2024
Bizi Telegramda izləyin: @repostaz