Bakı şəhəri, Nəsimi rayonu Mirqasımov 8 ünvanında yaşayan sakinlər yaşadıqları ərazidə aparılan söküntü işlərindən narazıdırlar. 
 
1988-ci ildən bu ünvanda yaşayan sakinlər RePost.Az-a bildirir ki, hazırda ərazidə söküntü işləri aparan “Rifah Place” adlı şirkətin rəhbəri Əli adlı şəxs 13-14 il öncə bir neçə evi alıb. Lakin qalan 5 evdə yaşayan sakinlərdən gələcəkdə inşa ediləcək binadan ev verəcəyi vədi ilə çıxmalarını tələb edir.
 
Sakinlər iddia edir ki, onlar “Rifah Place”nın tələbi ilə razılaşıb çıxmadıqları üçün şirkət qazlarını və işıqlarını qanunsuz olaraq kəsdirib. Qışın ortasında qazsız, odun peçinin ümidinə qalan sakinlər bu məsələ ilə bağlı aidiyyatı yerlərə müraciət etsələr də, müsbət cavab almadıqlarını bildirirlər. “Bir neçə gün öncə işığı da kəsmişdilər, amma sonra bərpa etdilər. Qazımız isə yoxdu. Bunun özü elə cinayət deyilmi? “Azəriqaz”dan bildirdilər ki, icra hakimiyyətinin istəyi ilə kəsmişik. Bizim onlara tabe olmağımız üçün edirlər bunu. Bizə deyir evləri tərk edin, kirayə köçün. Bina tikilib qurtardıqdan sonra ev vərəcəm. Razılaşıb çıxan ailələr də var, amma 3 ailə çıxmayıb. Çünki güvənimiz yoxdur. Bəlkə tikib başa çatdırmadı. Mən əlimdə olanı da verim söksünlər, bəs sonra? Sonra kimdən nə tələb edəcəm? Hələ indi müraciət etdiiymiz heç bir dövlət qurumu bizə cavab vermir. Sonra kimdən, nə istəyə biləcəyik ? “,- deyə Gülparə xanım bildirib. 
 
Sevinə xanım isə deyir ki, əvvəldən alınan evləri sökdükləri üçün onların evi qəzalı vəziyyətə düşüb: “14 il əvvəl gəlib 7-8 evi pulu ilə alıb köçürdü. Bizi isə pilot layihə adı ilə evlərimizdən çıxarmaq istəyir. O vaxt aldığı evlərin divarları bizlə ortaq olduğu halda sökürlər, bilə-bilə qəzalı vəziyyət yaradırlar. Deyəndə deyirlər ki, Nəsimi rayon İcra Hakimiyyətinin başçısının sərəncamıdır”. 
 
Faiq bəy isə iddia edir ki, bu pilot layihə deyil: “Bu dövlət layihəsi falan deyil. Bu İcra Hakimiyyəti ilə birlikdə MTK-ların birgə layihəsidir. Dövlət layihəsi olanda “Baksovet” qərar verir, köçürülməli olan sakinləri kompensasiya ilə də təmin edir”. 
 
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə çalışsaq da, “Rifah Place”nın rəhbəri Əli müəllim sualımızı cavabsız qoydu.
 
Hər halda qarşı tərəf fikrini dəyişərsə, cavablarını dərc etməyə hazırıq.
 
RePost.Az
 

Baxış sayı: 2307 | Tarix: 21.02.2017
Bizi Telegramda izləyin: @repostaz