Zelenski hökuməti Mixeil Saakaşvilinin Gürcüstana göndərilməsi əməliyyatında birbaşa iştirak edib.
 
APA-nın Tbilisi müxbiri xəbər verir ki, Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze mətbuata açıqlamasında belə deyib.
 
“Zelenski hökuməti Saakaşvilinin xama konteynerində Gürcüstana göndərilməsi xüsusi əməliyyatında birbaşa iştirak edib. Ona görə də onun bəyanatının xüsusi bir qiyməti ola bilməz”, - o qeyd edib.
 
Kobaxizde əlavə edib ki, Ukrayna rəsmilərinin Saakaşvilinin Gürcüstana göndərilməsi xüsusi əməliyyatında iştirak etməkdə məqsədi burada “ikinci cəbhə” açmaq və ölkədə vəziyyəti pisləşdirmək olub.
 
Kobaxizde, vurğulayıb ki, Ukrayna Prezidenti Vladimir Zelenski heç bir əsas olmadan Ukrayna səfirini geri çağırıb və Gürcüstana səfir təyin etməyib. O, Ukrayna rəsmilərini müharibə ritorikasından çəkinməyə çağırıb.
 
Hakim partiyanın sədri Moldova Prezidenti Maya Sandunun Mixeil Saakaşvili ilə bağlı “Twitter“ paylaşımına da münasibət bildirib. O, Sanduya öz ölkəsinin 6-cı Prezidentinin həbsdə olduğunu xatırladıb.
 
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenksi Gürcüstan hökumətini həbsdə olan sabiq Prezident Mixeil Saakaşvilinin müalicə alması üçün xaricə göndərməyə çağırıb. Ötən gün Moldova Prezidenti Maya Sandu “Twitter“ paylaşımında Zelenskinin çağırışına qoşulduğunu bəyan edib.

Baxış sayı: 12073 | Tarix: 22.12.2022
Bizi Telegramda izləyin: @repostaz