DİN xuliqanlıq hərəkətlərinə məruz qalan idmançı Həsən Əzizovun barışıq ərizəsi yazması, qarşı tərəfi bağışlamasına dair yayılan məlumatlara münasibət bildirib.
 
DİN-in mətbuat xidmətinin əməkdaşı, polis kapitanı Nurlan Əliyev deyib ki, cinayət-prosessual qanunvericiliyinə görə araşdırılan xuliqanlıq faktı üzrə cinayət təqibi ictimai ittiham qaydasında həyata keçirildiyindən təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxslə barışması onların cinayət məsuliyyətindən azad edilməsi və cinayət işi üzrə icraata xitam verilməsi üçün əsas deyil.
 
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
 
Xatırladaq ki, bir neçə gün qabaq idmançılar barəsində Xətai rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
 
Qeyd edək ki, hadisə Bakının Səbail rayonu ərazisində qeydə alınıb. "Rizin" Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplantıda mübahisə yaranıb, idmançı Həsən Əzizov döyülüb.
 
Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb, Azərbaycan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov həbs edilib.
 
Hadisənin digər iştirakçıları Tofiq Musayev və Mehman Məmmədov barəsində isə həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilib.
 
Ötən gün isə iş üzrə zərərçəkən Həsən Əzizov şikayətini geri götürüb və təqsirləndirilən şəxslərdən heç bir tələbinin olmadığını bildirib.

Baxış sayı: 4188 | Tarix: 05.02.2024
Bizi Telegramda izləyin: @repostaz