Qazax rayonunda mina partlayışı baş verib.

RePost.Az xəbər verir ki, Baş Prokurorluqdan verilən məlumata görə, aprelin 29-da Qazax rayonunun Quşçu Ayrım kəndinin əvvəllər Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş hissəsində mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlu xəsarət alıb.

Hazırda faktla bağlı Şəmkir hərbi prokurorluğunda araşdırma aparılır.

Hərbi qulluqçusunun müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir. TƏBİB-dən məlumat verilib ki, bu gün saat 10:10 radələrində 2004-cü il təvəllüdlü şəxs Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilib: "Gətirilən zaman vəziyyəti-ağır, huşu aydın, sol ayağının pəncəsinin travmatik amputasiyası, yara yerinin arterial qanaxması, yara yeri çirkli olub. Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir".

 


Baxış sayı: 7931 | Tarix: 29.04.2024
Bizi Telegramda izləyin: @repostaz