Almaniyanın Bonn şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Yardımçı Qurumunun 60-cı sessiyasında iştirak edən bir sıra QHT-lər Azərbaycanın COP29 ölkəsi kimi bütün maraqlı tərəflərlə dialoq və əməkdaşlığı təşviq edən fəaliyyətini təqdir edən bəyanat yayıb.
 
Bəyanata 31 ölkədən 102 QHT təmsilçisi və ictimai fəal imza atıb.
 
Bəyanatda deyilir:
 
“Biz, aşağıda imzası olan vətəndaş cəmiyyəti təşkilatları qlobal ictimaiyyəti davamlı və yaşıl gələcəyə doğru istiqamətləndirmək kimi mühüm vəzifəyə rəhbərlik edən COP29 sədrliyinə və tədbirə ev sahibliyi edəcək Azərbaycana öz dəstəyimizi bildiririk. Vətəndaş cəmiyyəti təbliğat, monitorinq, təmsilçilik və innovativ həllər təmin etməklə, iqlim dəyişmələri danışıqlarına öz töhfəsini verir. İqlim məsələləri ilə bağlı ictimaiyyətin məlumatlılığının artırılmasından tutmuş daha güclü iqlim siyasətinin icrasına nail olmaq üçün biz müxtəlif icmaların, xüsusən də həssas və təcrid vəziyyətinə düşmüş qrupların narahatlıqlarını danışıqlarda ön plana çıxarırıq. Bu baxımdan COP29-a sədrlik və ev sahibliyi edəcək Azərbaycanın bütün maraqlı tərəflərlə dialoq və əməkdaşlığın təşviqində rolu çox əhəmiyyətlidir”.
 
“Azərbaycanın indiyədək ən inklüziv COP-a ev sahibliyi edəcəyinə inanırıq”
 
Xarici QHT-lərin Bonn bəyanatında həmçinin qeyd edilir ki, “həssas və təcrid vəziyyətinə düşmüş icmaların, o cümlədən yerli xalqların, qadınların və gənclərin səslərinin danışıqlar prosesində eşidilməsini və nəzərə alınmasını təmin etmək vacibdir: “İqlim fəaliyyətinə təkan vermək üçün vətəndaş cəmiyyətinin əsas rolunu dərk etməklə, QHT nümayəndələrini qərarların qəbulu proseslərinə fəal şəkildə cəlb etməklə, insanların və planetin ehtiyaclarını prioritetləşdirməklə, biz Azərbaycanın indiyədək ən inklüziv COP-a ev sahibliyi edəcəyinə inanırıq”.
 
Bəyanatda Azərbaycanın inkişaf etməkdə olan dünyanın ehtiyaclarını nəzərə alaraq, bu ölkələrdə yaşayan yüz milyonlarla insanın, o cümlədən inkişaf etməkdə olan Kiçik Ada dövlətlərinin iqlim dəyişmələri ilə bağlı çətinliklərini dilə gətirməsi, həlli üçün ardıcıl səy göstərməsi xüsusi vurğulanır. Bundan başqa, COP29 üzrə iqlim dəyişimələrinin həllində qlobal liderliyi öz üzərinə götürən Azərbaycanın mənalı əməkdaşlığa, iddialı öhdəliklər götürülməsinə, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında yeni maliyyə hədəfi üzrə konsensusa nail olacağına və hamı üçün bərabər və ədalətli gələcəyin qurulmasına doğru ciddi addımlar atacağına əminlik ifadə olunur. Bəyanat bu sözlərlə yekunlaşır: “Bonn konfransında iştirak edən vətəndaş cəmiyyəti təmsilçiləri iqlim sazişlərinin məqsədlərinə nail olmaq üçün bütün maraqlı tərəflərlə əməkdaşlığa hazırdır. Biz birlikdə əmin ola bilərik ki, COP29 dayanıqlı gələcəyə doğru mühüm mərhələni uğurla başa vuracaq”.
 
Qeyd edək ki, son vaxtlar COP29-la əlaqədar Azərbaycana xarici QHT-lərdən ardıcıl dəstək bəyanatları gəlir. Beləliklə, son 4 ayda 50-dən çox ölkəni təmsil edən 360-dan artıq QHT və ictimai fəal birgə bəyanatlar yayaraq Azərbaycanın COP29 üzrə qlobal liderliyini təqdir edib. Bu təşkilatlar içərisində inkişaf etməkdə olan regionların təmsilçilərinin üstünlük təşkil etməsi də müşahidə olunur. Bu isə o deməkdir ki, Prezident İlham Əliyevin inkişaf etməkdə olan dünyanın problemlərini ardıcıl şəkildə qaldırması, qlobal təşəbbüslərlə çıxış etməsi dünyanın müxtəlif regionlarda böyük maraqla qarşılanır, diqqətlə izlənilir və Azərbaycana olan rəğbəti artırır. Xarici QHT-lərin bəyanatlarında Azərbaycana ümid yeri kimi yanaşılması da bunun bariz nümunələrindən biridir.
 

Baxış sayı: 6639 | Tarix: 11.06.2024
Bizi Telegramda izləyin: @repostaz