"SalamNews” informasiya agentliyi və “İnteraz”ın rəhbəri Mətləb Bağırovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
 
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən məhkəmə prosesində şahidlər dindirilib.
 
Şahid qismində kanalda operator vəzifəsində çalışan Ramil Həsənov ifadə verib.
 
Şahid bildirib ki, kanalda operator kimi çalışıb, çəkiliş zamanı alınan pulları şirkətə gətirib: “Pullar təkcə manatla deyildi, xarici valyuta da var idi. O pullarla əməkhaqları verilirdi”.
 
“İnteraz”ın mühasibi Sürəyya Məmmədova ifadəsində bildirib ki, işçilərə əməkhaqqı verilmə prosesində yaxından iştirak etməyib.
 
Sonra hakim tərəfindən mühasibin ibtidai istintaqa verdiyi ifadəsi elan olunub: "İşlədiyim müddətdə kanala kənardan, bildirilməyən mənbədən 171 min və 219 min manat pul daxil olub".
 
"SalamNews” informasiya agentliyi və “İnteraz”ın İT mütəxəssisi vəzifəsində çalışan Mircəlal Məmmədov ifadəsində deyib ki, o, əvvəl 800 manat, sonra 880 manat əməkhaqqı alıb. Maaşın bir qisminin rəsmi, qalan hissəsinin qeyri-rəsmi olduğunu bildirib: "Maaş çatan zaman ofisdə belə söhbətlər gedirdi ki, maaş pulları xarici ölkədən gəlir".
 
Şahid dövlət ittihamçısının suallarını cavablandırıb.
 
“Mətləb Bağırov sizi pul üçün harasa göndəribmi”? sualına cavab olaraq şahid bildirib ki, dostu ilə pul üçün gedib: “Pullar əməkhaqqı idi və dollarla idi. Biz o pulları Rəna xanıma verirdik. Sonra pulları manata çevirirdik. Ondan əmək haqları verildi”.
 
“SalamNews” informasiya agentliyinin baş redaktoru Rəna Əkbərova bildirib ki, maaşları əlbəəl verib: “Mən əmək haqlarının niyə əlbəəl verildiyini bilmirdim. Bu, rəhbərliyin göstərişi idi”.
 
Şahid ifadəsində qeyd edib ki, “SalamNews” saytında informasiyaları Mətləb Bağırovun istədiyi kimi dərc ediblər.
 
Qeyd edək ki, M.Bağırova qarşı Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi (Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 167-3.1-ci maddəsi (Dini ekstremist materialları saxlama), 193.2.2-ci maddəsi (Xüsusilə külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq), 193-1.3.2-ci maddəsi (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pulları leqallaşdırma) və 213 (vergidən yayınma) və digər maddələri ilə ittiham irəli sürülüb.
 
Mətləb Bağırov 2023-cü ilin yanvar ayında həbs olunub.
 
Cinayət işi üzrə zərərçəkmiş qismində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tanınıb.

Baxış sayı: 10306 | Tarix: 10.09.2024
Bizi Telegramda izləyin: @repostaz